"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib.
- "Neftçi" ilə matçda komandanız qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı?
- Bizim üçün çox önəmli oyun idi. Şükürlər olsun ki, qələbə qazana bildik. Mövsümün sonu yaxınlaşdığına görə oyun ağır alındı, çox çətinlik çəkdik. Amma önəmli olan üç xalı qazandıq.
- Oyunun gedişində, dəqiqələr keçdikcə qələbə qazana bilməyəcəyinizi ehtimal edirdin?
- “Neftçi” ilə matçda bizi yalnız qələbə qane edirdi. Fikrimiz məşqçilərin tapşırıqlarını yerinə yetirib qələbə qazanmaq idi. Xeyr, pis bir şeyin baş verəcəyini hiss etmirdim, düşünmürdüm. Çünki çox istəkli idik, oyuna da yaxşı hazlrlaşmışdıq.
- Komanda bir müddət qalib gələ bilmədi. Amma “Zirə” və “Neftçi” matçlarında qapınızı toxunulmaz saxlayaraq qazandınız. Bu qısa zamanda nə baş verdi, nə dəyişdi?
- Xal itirdiyimiz oyunlarımızı xatırlayıram, həmin görüşlərdə çoxlu qol şanslarımız yaranırdı. Amma onlardan istifadə edə bilmirdik. Tək problemimiz o idi. Son oyunlarda komanda olaraq toparlandıq və qələbələr qazandıq. Çox önəmli matçlarda qalib gəlmək xoşdu.
- Ardıcıl iki önəmli qələbədən sonra avrokuboklara vəsiqə qazanacağınıza inamınız artıb?
- Komanda olaraq hər oyuna qələbə üçün çıxırıq. Sonluq necə olacaq, onu yalnız Allah bilir. Biz isə çox çalışıb mübarizə aparırıq. Çünki "Qəbələ" Azərbaycan futbolu üçün önəmli addı. Klub hər şeyin ən gözəlinə layiqdi. Təbii ki, sonda avrokuboklarda vəsiqə qazanmaq möhtəşəm olardı.
- “Qəbələ” növbəti turda “Şamaxı”ya qarşı oynasa da, ehtimal edilir ki, avrokuboklar uğrunda vəsiqənin sahibi son turda aydınlaşacaq. “Sabah”la matçın həlledici olacağını düşünürsən?
- Futboldu, hər şey ola bilər. Fikrimiz hər oyun olduğu kimi, bu oyunda qalib gəlməkdi. Görək də, necə olur. Qarşıda bizi iki maraqlı tur gözləyir.