AFFA Regional Liqasının finalında "Cəbrayıl" və "Araz Naxçıvan" komandaları üz-üzə gələcək.
Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov Sportal.az saytına açıqlamasında komandasının finaldakı iddiasından danışıb. Bununla yanaşı gənc mütəxəssis yarımfinalda "Xan Lənkəran" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib:
"Matç gözlədiyimiz kimi maraqlı keçdi. Qol buraxmasaydıq, ikinci hissə bizim üçün daha da maraqlı alınardı. İstənilən halda uşaqlar toparlandı və ikinci yarıda qollarımızı vurduq. Hətta bir neçə qol üçün də şanslarımız var idi, dəyərləndirə bilmədik. Finaldakı rəqibimiz olan "Cəbrayıl"ın da yarımfinaldakı matçını izlədik. Onlar da geridönüş edərək matçı qazandılar. Taktiki cəhətdən maraqlı komandadı. "Dördlü" və "beşli" müdafiə xətti ilə oynaya bilirlər. Bu oyun üçün düşündüyümüz bəzi məqamlar var. Hər şeyi zaman göstərəcək. Onları rəqib kimi yüksək dəyərləndirirəm".
Bağırov, final görüşünün Şamaxı şəhər stadionunda keçirilməsi haqda isə bunları deyib: "İnanıram ki, azarkeşlərimiz komandanı dəstəkləmək üçün Şamaxıya da gedəcək. Bilmirəm, federasiya tərəfindən avtobuslar ayrılacaq ya, yox. Amma haradasa oxumuşdum ki, belə bir şey ola bilər. Komandamızı Şamaxıda da dəstəkləyənlərin olacağına inanıram. Matç AFFA tərəfindən Şamaxıya təyin edilibsə, demək ki, hansısa tədarük də görüləcək".
Yeni mövsümdən birinci divizionda mübarizə aparacaq "Araz Naxçıvan"da heyət baxımından dəyişikliyin olub-olmayacağı ilə bağlı suala isə komandanın baş məşqçisinin cavabı belə olub: "Vaxt çox qısadı. Cəmi iki aydır ki, buradayam. Bu müddət ərzində məqsəd komandanı oyunlara kökləmək, oyun fəlsəfəmizi tətbiq etmək olub. Biz dəyişmək, inkişaf etmək istəyirik. Sabahın komandasını Naxçıvanda qurmaq istəyirik. Naxçıvanda bizə diqqət yüksək səviyyədədi. Həmin etimadı doğrutlmaqdan ötrü bəzi islahatlar, dəyişikliklər qaçılmazdı. Bu gün üçün maksimum nədirsə, onu etməyə çalışacağıq".