Premyer Liqanın 27-ci turunda "Sabah"ın qonağı olan "Sumqayıt" son dəqiqələrə qədər hesabda öndə olsa da, sonda rəqibi ilə 2:2 oynadı. "Kimyaçılar" bir xal qazanmaqla yanaşı, həm də rəqibin "Sabah"ın avrokuboklar uğrunda mübarizəsini son tura qədər davam etdirməsinə imkan verməmiş oldu. "Sumqayıt"ın qollarından birinə imza atan komandanın kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibə verib.
- "Sabah"la matçda qələbəyə yaxın olsanız da, matç 2:2 sona çatdı. Nəticəni ədalətli hesab edirsən?
- Bizim üçün ağır oyun olacağını öncədən bilirdik. Çünki "Sabah" üçün qələbə mütləq idi. Konfrans Liqasına yollanmaq ehtimalını davam etdirmək üçün onlar mütləq qələbə qazanmalıydı. Həm də evdə oynayırdılar. Yəni, hər baxımdan oyuna qədər üstün tərəf rəqib idi. Biz də öz növbəmizdə oyuna ciddi hazırlaşmışdıq. Çünki mövsümü sonuncu pillədə başa vurmaq istəmirdik. Ən azından bir xal qazanaraq 7-ci pilləni özümüz üçün təmin etmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq.
- Bu heç-heçə ilə "Sabah"ı avrokuboklardan da etmiş oldunuz. Komanda bunu etmək üçün meydana çıxmışdı, yoxsa "Şamaxı" qələbəsinin davamını gətirmək niyyətində idiniz?
- Xeyr, biz rəqibi fikirləşə bilməzdik. Çünki özümüzə xal və xallar lazım idi. Çempionatı sonuncu pillədə başa vurmaq heç birimizə xoş gəlməzdi, həm də bizə yaraşmazdı.
- Matça artırılan 6 dəqiqəyə iki qol buraxmağınızı nə ilə əlaqələndirirsən? Səncə, bir az da vaxt qalsaydı, üçüncü qolu buraxmaq təhlükəniz artacaqdı?
- İki dəqiqəyə iki qol buraxmaq heç yerinə düşmədi. Bilirsiz, matç sona çatmamış biz qələbəyə sevindik. Rəqib də bizi cəzalandırdı. "Sabah" özündə güc tapıb üçüncü qolu da vura bilərdi. Sadəcə biz ikinci qoldan sonra ayıldıq. Gec idi.
- "Sabah" tərəfi Amin Seyidova göstərilən qırmızı vərəqə ilə razılaşmırdı. Bu barədə sənin fikrin necədi?
- Səhv etmirəmsə, hakim epizoda yaxın idi. Həmin epizodda o cür qərar veribsə, mənim nəsə deməyim nəyisə dəyişmir.
- Ölkə çempionatında mövsümün sona çatmasına bir tur qalıb. Ümumilikdə mövsümü "Sumqayıt" üçün necə dəyərləndirirsən?
- Təbii ki, bizim üçün ürəkaçan sezon alınmadı. Mövsüm başlayanda hədəf başqa idi. Düşdüyümüz durumdan, oyunlardan yaxşı nəticə çıxarmalıyıq.
- Tovuz futbol məktəbinin yetirməsisən. Yeni mövsümdən "Turan Tovuz" Premyer Liqada mübarizə aparacaq. Maraqlıdı, klubdan sənə təklif göndəriblər?
- Hələ ki, komandanın baş məşqçisinin kim olacağı bilinmir. Heç klubun büdcəsi də məlum deyil. Onlar bilindikdən sonra nəsə danışmaq olar. Bu günə qədər mənimlə əlaqə saxlayan olmayıb.
Mirbağırağa