"Qəbələ"yə Konfrans Liqasında uğurlar arzulayıram, onlar buna layiq idi" - MÜSAHİBƏ

12:49 - 17 May 2022

"Şamaxı"nın gürcü futbolçusu Merab Qiqauri Sportal.az saytına müsahibə verib. "Qəbələ"nin sabiq futbolçusu gələcək karyerası barədə danışıb

- Premyer Liqanın 27-ci turu çərçivəsində “Şamaxı” evdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzdu. Buna səbəb nə idi?
- “Qəbələ” ilə matçda uduzmalı deyildik. Çünki qol epizodlarımız az olmadı. Amma təəssüflər olsun ki, qol imkanlarından yararlana bilmədik.

- Komandanız bu mövsüm uğursuz çıxışları ilə yadda qalır. Ümumiyyətlə, mövsümü komanda üçün necə dəyərləndirərdin?
- Bəli, elə son turda belə alındı ki, qalib gələ bilmədik. Amma qalib gəlmək və xal qazanmaq üçün hər şeyi etdik. Futboldur, hər şeyin necə olacağını demək olmur.

- “Keşlə” və ya “Şamaxı” adı altında oynamağın hər hansı fərqi var? Hər halda əvvəl ev oyunlarınızı Bakıda, indi isə bölgədə keçirirsiniz...
- Mənə həm “Keşlə”, həm də “Şamaxı”da oynamaq xoş və rahat idi.

- Sabiq komandan olan “Qəbələ” Konfrans Liqasına vəsiqə qazanmağı bacardı. Səncə, onlar avrokuboklarda hansı nəticəni göstərə bilər?
- İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Onlara Konfrans Liqasında uğurlar arzulayıram. “Qəbələ” buna layiq idi. Onların adına da sevinirəm. Düşünürəm ki, onlarda hər şey alınacaq.

- “Qəbələ”yə qayıtmaq variantın var?
- Hələ ki, mənimlə heç kəs danışmayıb. Mövsüm sona çatsın, daha sonra nəyin necə olacağına baxarıq. İndidən bir söz demək istəmirəm.

- Ümumiyyətlə, yeni mövsümdən “Şamaxı”da oynayacaqsan, yoxsa Azərbaycanı tərk etməyə hazırlaşırsan?
- Bir neçə variant var, amma hələ ki, heç nə dəqiq deyil. Başqa ölkələrdən də mənimlə əlaqəyə çıxanlar oldu. Amma hələ ki, düşünürəm. Mövsüm sona çatdıqdan sonra hər şeyə qərar verəcəm.

Mirbağırağa

Xəbər xətti