"Qəbələ"nin monteneqrolu futbolçusu Stefan Vukçeviç Sportal.az saytına müsahibə verib. İki ildir ki, bölgə klubunun uğurları üçün çalışan legioner futbolçu avrokuboklara vəsiqə qazanan komandada qalıb-qalmayacağına aydınlıq gətirib.
- "Qəbələ" Premyer Liqanın sonuna bir tur qalmış avrokuboklara vəsiqə qazanmağı bacardı. Belə olacağını ehtimal edirdiniz?
- Həqiqətən də xoşbəxtəm. "Qəbələ"nin bütün heyətilə fəxr edirəm. Biz kollektiv olaraq çox yaxşı işlər gördük. Buna görə də avrokuboklara layiqli şəkildə vəsiqə qazandığımızı düşünürəm.
- Ötən həftə "Şamaxı"ya qalib gəldiniz. Həmin oyundakı qələbəni necə şərh edərdin?
- "Şamaxı"ya qarşı matç çox çətin alındı. Ağır oyun olacağını da yaxşı anlayırdıq. Matça yaxşı hazırlaşmışdıq. Təbii ki, asan olmadı. Amma biz yaxşı mübarizə apardıq, sona qədər döyüşdük. Qalib gəldiyimizə görə şadam. Fikrimcə, “Qəbələ” bu matçda qalib gəlməyə layiq idi.
- Avrokuboklara vəsiqə qazanmağınızda “Sumqayıt”ın da rolu oldu. Onların “Sabah”a uduzmaması sizi avrokuboklara apardı...
- “Şamaxı” ilə matçda da vəziyyətdən agah idik. Doğrudu, matçın gedişində yalnız öz oyunumuza fokuslanmışdıq. Amma matçdan sonra “Sabah”ın nəticəsi haqda məlumatımız oldu. Bu komanda haqda öz fikirlərimi bildirmək istəyərdim. “Sabah” mükəmməl kollektiv, mükəmməl komandadı, əla baş məşqçiləri var, keyfiyyətli futbolçuları var. Onlara sadəcə “respect” düşür. Amma bu futboldur da. Rəqibi ilə 2:2 oynadılar. Düzü, bu nəticəyə görə sevinirəm. Çünki bu nəticə “Qəbələ”nin Avropaya vəsiqə qazanmasına kömək etdi. Ancaq “Sabah”ın özü də çox yaxşı mövsüm keçirdi.
- Konfrans Liqasında “Qəbələ”nin uğurlu çıxış etməsi inandırıcıdı?
- Bu, bizim məqsədimiz idi. “Qəbələ”nin bütün heyətilə fəxr edirəm. Avrokuboklara isə yaxşı və güclü hazırlaşmaq lazımdı. Məncə, komandaya cəlb ediləcək 2-3 yeni futbolçu ilə “Qəbələ” Avropada nəticə göstərə bilər. Təbii ki, komanda ilə birlikdə avrokuboklarda mübarizə aparmaq istəyərdim. Amma indi bir söz deyə bilməyəcəm. Mənimlə bağlı necə olacağını zaman göstərəcək. Hələ ki, bir şey bilmirəm.
- Bu mövsüm “Qəbələ”dəki performansını necə dəyərləndirirsən?
- Performansımdan razıyam. Amma təbii ki, böyümək hələ də lazımdı. İnanıram ki, gələcəkdə belə də olacaq. Azərbaycana və “Qəbələ”yə gəldiyimə görə isə peşman deyiləm. “Qəbələ”yə və Azərbaycana təşəkkür edirəm. Burada çox yaxşı təcrübə qazandım. Dediyim kimi bundan sonra nə baş verəcəyini zaman göstərəcək. “Qəbələ”də qalsam da, getsəm də, həmişə bu kluba təşəkkür edəcəm. Bura mənim ikinci evimdi. Burada olmağımdan həzz alıram. Azərbaycan xalqına da təşəkkür edirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi