"Turan"da iki fərqli sezonda oynamış, Tovuz klubu ilə ölkə çempionluğu yaşamış və ilk dəfə bu klubla avrokuboklarda çıxış etmiş Rüfət Quliyev Sportal.az saytına müsahibə verib. O, Tovuz təmsilçisinin Premyer Liqadaya yüksəlməsindən söz açıb.
- "Turan"ın sabiq futbolçusu kimi yəqin ki, onların Premyer Liqaya yüksəlməsi sizi də sevindirdi?
- "Turan"ın Premyer Liqaya vəsiqə qazanması deyəndə, onların Premyer Liqada çıxış etməsinə icazə veriblər. Bu mövsümkü nəticələrlə "Turan Tovuz" Premyer Liqaya vəsiqə qazandı" demək düzgün olmazdı, onlara sadəcə icazə verdilər. Amma istənilən halda, onların yüksək liqada çıxış etməsinə görə sevinirəm. Şadam ki, bu komandanın üzvü olmuşam. İlk dəfə məhz biz Azərbaycanı avrokuboklarda təmsil etmişik. Müstəqillikdən sonra Azərbaycanın ilk çempionuyuq. Tovuz azarkeşlərini çox yaxşı tanıyıram. Qonaqpərvər və futbolu yaxşı bilən insanlardı. Onlara görə çox şadam. Uğurlar arzu edirəm.
- Yeni mövsüm Premyer Liqada necə "Turan Tovuz" təsəvvür edirsiniz?
- Bu vəziyyətdə "Turan Tovuz"un Premyer Liqada hər hansı nəticə qazanması çox çətin olar. Ümidvaram ki, qənaətbəxş nəticələr əldə edərlər. Amma dediyim kimi bu cür vəziyyətlə çox da güman etmək olmur. Çünki vəziyyətləri göz qabağındadı. Büdcə də çox aşağıdı. Amma nə qədər aşağı olsa da, nəticə yenə yoxdu.
- Komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?
- Birinci divizionda bu mövsümü 13 komanda arasında 10-cu pillədə bitirdilər. Bu, xoşagəlməz nəticədi.
- Baş məşqçi postu Ayxan Abbasova həvalə edildi. Necə düşünürsünüz, komanda Abbasovla uğur əldə edəcək?
- Ayxana uğurlar arzu edirəm. Onu da yaxşı tanıyıram. "Sumqayıt" nəsə etmək istədi, amma məncə, istədiyi kimi alınmadı. İndi "Turan Tovuz"da çalışacaq. Ona da uğurlar arzu edirəm.
- "Turan Tovuz"un yenidən Premyer Liqaya yüksəlməsi Azərbaycan futboluna təkan verəcək?
- Düzdü, bölgələrdə futbol daha da maraqla qarşılanacaq. Futbol azarkeşlər üçündür. "Turan Tovuz"un da azarkeşləri futbolu sevən adamlardı. Onlara görə çox sevinirəm. Stadionlarda anşlaq olması ləzzət edərdi. Mən dolu tribunalar qarşısında oynamışam, bilirəm nə deməkdi. İranda oynayanda oyunlara 100-120 min azarkeş gəlirdi. Təsəvvür edin, oyun 21:00-da idi, səhər 09:00-da telekanal vasitəsilə elan verilirdi ki, daha stadiona gəlməyin, yer yoxdu. Tehrandakı "Azadi" stadionu dolurdu. Bu səviyyədə olan futbolu görmüşəm. Tribunalar dolu olanda futbolçuya da ləzzət edir. Başqa ölkələrdə görürük, baxırıq. Premyer Liqadan tutmuş 2-ci diviziona qədər klubların ev oyunlarında anşlaq olur. Çünki hər komandanın öz azarkeşi var və nəticəyə baxmayaraq öz komandasını sevir, həmişə dəstəkləyir. İstəyərdim ki, bizdə də belə olsun. Bizim futbolumuzun bölgələrə daşınması yaxşı haldı. AFFA da yaxşı kömək etdi "Turan Tovuz"a, bazalarını təmir etdi. Təmirdən sonra bazada olmuşam, orada hər şey yüksək səviyyədədi. Yaxşı, səviyyəli hazırlıq keçmək mümkündü. Hər bir şəraitləri var. Onlar AFFA-ya təşəkkür etməlidilər, yəqin ki, də ediblər. Büdcəyə gəldikdə, başqa məqamlardı, bu barədə başqaları danışa bilər.
Mirbağırağa