Tovuz Premyer Liqaya hazırlaşır, Gəncədən səs-səmir yoxdur QEYD

21:15 - 19 May 2022

Qərb bölgəsinin iki köklü klubunun Premyer Liqaya qaytarılması həm bölgə, həm də Azərbaycan futbolu üçün əlamətdar hadisədir. Gələn mövsüm paytaxt komandalarını Qəbələ, Şamaxı ilə yanaşı, çətin Gəncə və Tovuz səfərləri də gözləyir. Bundan sonra Premyer Liqamız daha çox ölkə çempionatına bənzəyəcək, nəinki indiki Bakı çempionatına!

 

Məlum qərardan sonra “Turan Tovuz” dərhal hərəkətə keçib. Artıq komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Ayxan Abbasovla böyük ölçüdə razılıq əldə olunub. Müşahidə Şurasının sədri Oqtay Abdullayev, içraçı-direktoru Nadir Nəbiyev kimi futbol adamları olan Tovuz klubunun rəhbərliyi yaxşı anlayır ki, Premyer Liqa divizion deyil, bir az naşılıq olsa, elitadakı oyunlarda biabırçılıq qaçılmaz olacaq. Gənc nəsil məşqçilər arasında ən istedadlılardan olan Ayxan Abbasovu seçmələri də məhz yaxşı kollektiv qurmağa hesablanıb. “Zirə” və “Sumqayıt”ı avrokuboklara çıxaran, işlədiyi yerlərdə kiçik imkanlarla yaxşı komanda yaratmaq bacarığıyla tanınan Abbasovun Tovuzda da uğurlu nəticələrə imza atacağı real görünür.

 

“Turan Tovuz”un aktivliyi fonunda “Kəpəz”dən xəbər yoxdur. AFFA-nın tabeçiliyində olan Gəncə klubunda sanki bir rahatlıq var. Ya hər şeyi əvvəldən dəqiqliklə planlayıblar, ya da ki, Premyer Liqanı ciddiyə almırlar. “Kəpəz”i Premyer Liqada kimin çalışdıracağına hələ də aydınlıq gəlməyib. Belə bir ehtimal var ki, Gəncə klubunun sükanı elita da Yaşar Vahabzadə də qalsın. Lakin ona yaradılan yaxşı imkanlara baxmayaraq, son iki mövsümü divizionda yeddinci pillədə başa vuran mütəxəssisə belə bir etimad göstəriləcəyi inandırıcı deyil. Digər tərəfdən 62 yaşlı mütəxəssisin bu günə qədər Premyer Liqada baş məşqçi təcrübəsi olmayıb. Gəncə kimi tələbkar azarkeşləri olan bir komandanın uğurlu olması üçün isə təcrübəli məşqçiyə ehtiyacı var və bu, elə bir məsələdir ki, yubanmaq olmaz.

 

“Kəpəz”in “Turan Tovuz”la müqayisədə geri qaldığı daha bir məqam onunla bağlıdır ki, Tovuz klubunun rəhbərliyində futbol adamları yer alıb, Gəncə təmsilçisinin aktiv idarəçiliyində isə belələri yoxdur. Bəlkə də, AFFA-dan yeni təyinat olacaq. Lakin bir neçə il əvvəl AFFA-nın sabiq mətbuat katibi Mikayıl Nərimanoğlunun “Kəpəz”dən yeyintilərə görə qovulduğunu nəzərə alsaq, federasiyanın Gəncə klubuna yenidən adam göndərəcəyini ehtimal etmək çətindir.   

 

Premyer Liqanın son mövsümü göstərdi ki, bəzi komandalar arasında fərq çox böyükdür. “Kəpəz” işini peşəkar səviyyədə qurmasa, “Qarabağ”, “Neftçi” kimi klublarla oyunlarda 6-7 qolluq məğlubiyyətlər də baş verə bilər...

 

Həmid

Xəbər xətti