Tahir Gözəl: "İstəyim Çempionlar Liqası qrupundan çıxmaqdı"

22:42 - 21 May 2022

"Qarabağ"ın prezidenti Tahir Gözəl Premyer Liqanın mükafatlandırma mərasimi zamanı jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Bu, bizim 9-cu çempionluğumuzdur. Çox sevinirəm. Bugünkü oyunu dostluq oyunu kimi görürəm. Onsuz da nəticəyə çıx təsir etməyəcəkdi. Oyunda bir az həyəcan gözləyirdim. Şəhidimizin atası Mütəllim bəylə tanış olmaq mənim üçün mənəvi olaraq çox önəmli hadisə oldu. Onun gözündəki müqəddəs işıq mənə çox təsir etdi. Həm sevincliyəm, həm də onun kədərini bölüşdüm. Mənim üçün unudulmaz bir gün oldu. Çox gözəl bir insanla tanış oldum. İstəyirəm ki, bütün klublarımız avrokuboklara yaxşı hazızlaşsınlar. Hamısı bizim üçün doğmadır. Rəşad Sadıqov bizim üçün çox doğma insandır. "Zirə" komandasına uğurlar arzulayıram. 


- Sanki 9-cu çempionluq daha parlaq oldu. Siz necə düşünürsüz?

- "Qarabağ"ın təcrübəsi artır. Biz bunu hiss edirik. "Qarabağ"ın artıq çox ləzzətli, özünəməxsus bir oyun tərzi var. Qurban müəllimin illərdir çəkdiyi zəhmətlə bu dəsti-xətt oturur. Bu enerji ilə Avropada bu il uğurlu olarıq. İki ümidim var. Formamızda iki ulduz görmək istəyirəm. 10-cu çempionluğumuzu səbrsizliklə gözləyirəm. O da bir tarix olsun. Növbəti istəyim isə Çempionlar Liqası qrupundan çıxmaqdır. Bu iki tarixi hadisəni görmək istəyirəm. 


- Baş məşqçinin transfer istəkləri var?

- Vaxt azdır. Qurban Qurbanovla danışmışıq. Bəzi oyunçular getmək istəyir. Onlarla danışıq aparırıq. Yeni oyunçular axtarırıq. Bir-iki oyunçu var ki, onların üzərində işləyirik. Hazır olanda Qurban müəllimə təqdim edəcəyik. Bu barədə fikir ayrılığımız yoxdur. Baş məşqçinin istəklərinə cavab verməyə hazırıq.

 

Elçin Əlixan

Xəbər xətti