"Sabah"da qalmaq istəyərdim, amma hər şey "Şaxtyor"dan asılıdı" - MÜSAHİBƏ

12:58 - 22 May 2022

"Sabah"ın futbolçusu Aleksey Kaşuk Sportal.az saytına müsahibə verib.

- “Qəbələ” ilə matçda qalib gələ bilərdiniz, amma sonda 1:1 hesabı qeydə alındı. Hesab sizi qane etdi?
- Yaxşı rəqibə qarşı, yaxşı oyun alındı. Məncə, ədalətli və layiqli bərabərlik oldu. Onların da hücumları var idi, bizim də yaxşı imkanlarımız oldu. Sonda heç-heçə qeydə alındı. Amma bizim komanda nəticədən razı deyil. Çünki hər zaman qələbə qazanmaq istəyirik. Qəbələdən də üç xalı aparmaq istəyirdik. Amma belə alındı.
 
- Bu oyunda avrokuboklara son vəsiqənin taleyi həll edilsəydi, fərqli ssenari alınardı?
- Bilmirəm. Bəlkə də siz deyən kimi olardı. Sadəcə onu bilirəm ki, biz hər oyuna qələbə üçün hazırlaşırıq. Bu oyun da qələbəyə köklənmişdik. Nəticə heç nəyi həll etməsə belə, bizim məqsədimiz, fikrimiz yalnız qələbə idi. “Qəbələ”ni təbrik edib, onlara Konfrans Liqasında uğurlar arzu edirəm.

- “Sabah”ın avrokuboklara vəsiqə qazana bilməməsini nə ilə əlaqələndirirsən? “Sumqayıt”a qalib gəlsəydiniz, son tura qalacaqdı hər şey...
- Məncə, komandamız çox yaxşı mübarizə apardı. Sona qədər də mübarizənin içindəydik. Mövsümün əvvəlində çox oyunu uduzmuşdu komanda, çox xal itirmişdi. Ancaq son tura qədər mübarizə davam edirdi. “Sumqayıt”la matçda xal itirdik və belə oldu. Həyatdı, futbolda belə şeylər də olur.

- “Şaxtyor”a məxsus futbolçusan. Maraqlıdı, “Sabah”da qalacaqsan? Səni bu komandada hər şey qane edir?
- “Sabah”da oynadığıma görə şadam. Baş məşqçi və komanda məni çox yaxşı qarşıladı. Əsas odur ki, oynamaq imkanı yaratdılar. Bura da ona görə gəlmişəm. Əlbəttə ki, “Sabah”da qalmaq istəyərdim. Amma hər şey "Şaxtyor"un qərarından asılıdı. Çünki, bu kluba məxsusam.

- Azərbaycan və Ukrayna Premyer Liqası arasında hansı müqayisəni aparardın?
- Azərbaycan Premyer Liqası yaxşı səviyyədədi, yaxşı liqadı. Düzünü desəm, heç belə olduğunu gözləmirdim. Demək olar ki, bütün komandalar eyni səviyyədədi, hamısı ilə mübarizə aparmaq mümkündü. Çox maraqlı idi burada oynamaq.

Mirbağırağa

Xəbər xətti