"Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə, Şimali Makedoniya klubları bizimkilərlə eyni səviyyədədi" - MÜSAHİBƏ

21:00 - 23 May 2022

Şimali Makedoniyada "Renova" klubunda oynadıqdan sonra vətənə qayıdan Nazim Məmmədzadə Sportal.az saytına müsahibə verib. Qışda müqavilə imzaladığı Şimali Makedoniya klubunda qalmayan yarımmüdafiəçi bu haqda danışıb.

- Şimali Makedoniyadan ayrıldıqdan sonra nə edirsən?
- Artıq Bakıya qayıtmışam. Hələ ki, heç bir klubla anlaşmamışam. Formada qalmaq üçün fərdi məşqlər edirəm. Gözləyirəm, görək də necə olacaq.

- “Renova”dakı karyeranı necə dəyərləndirirsən? Bu kluba gedişini səhv addım hesab edirsən?
- Xeyr, səhv deyildi. Mənim üçün böyük təcrübə oldu. Çünki ən azından legioner həyatı yaşamış oldum. Premyer Liqanın səviyyəsini, təzyiqini hiss etmiş oldum. Yəni ki, hərtərəfli mənim üçün yaxşı idi. 

- Bəs, niyə qalası olmadın orada?
- Viza ilə bağlı problemə görə Şimali Makedoniyaya üç ay ərzində qayıda bilmərəm. Ona görə də qarşılıqlı şəkildə müqaviləyə xitam verməyə razılaşdıq.  

- Şimali Makedoniya futbolunda sənin üçün maraqlı gələn nə oldu? Maliyyə məsələlərində klublarımızdan çox geri qalırlar?
- Maraqlısı odur ki, Şimali Makedoniyada derbi matçlarına 10 mindən çox azarkeş gəlirdi. Həqiqətən də çox gözəl anlar idi. İnsanlar futbolu sevir, çempionat oyunlarına maraq göstərir. Maliyyə məsələsində bizim klublardan geri qalırlar. Amma elə də çox fərq yoxdu.

- Azərbaycanda səninlə maraqlanan klublar var?
- Xeyr, heç bir klub mənimlə əlaqə saxlamayıb. Hələ ki, fərdi məşqlər edib özümü daha yaxşı formada saxlamaq istəyirəm.

- Şimali Makedoniya və Azərbaycan Premyer Liqasını müqayisə edəndə ortaya hansı mənzərə çıxır?
- “Qarabağ” və “Neftçi”ni çıxmaq şərtilə Şimali Makedoniya klubları ilə bizimkilər demək olar ki, eyni səviyyədədi. Sadəcə orada daha çox döyüşkən, fiziki futbola üstünlük verirlər. Həm də orada hamının stadionun keyfiyyəti elə də yaxşı deyil. 

Mirbağırağa

Xəbər xətti