"Qəbələ"nin müdafiəçisi Məqsəd İsayev Sportal.az saytına müsahibə verib. O, komandanın bu mövsümkü çıxışını dəyərləndirib.
- "Qəbələ" avrokuboklara vəsiqəni təmin etdi. Amma son görüşdə qalib gəlsəydiniz, üçüncü pilləni də tuta bilərdiniz. Üçüncü yeri tuta bilmədiyinizə görə üzüldünüz, yoxsa avrokuboklara vəsiqə qazandığınıza görə sevinirdiz?
- Bəli, son görüşdə qələbə qazanıb üçüncü olmaq şansımız var idi. Biz də bunu dəyərləndirmək istədik. Əslində, "Sabah"la matçda da yaxşı idik, sadəcə sonda qələbəni əldən verdik. Nə etmək olar, deməli belə qismət imiş.
- Mövsümün əvvəlində komanda yığılanda avrokuboklara vəsiqə qazanacağınıza inanırdınız?
- İddialı olacağımızı bilirdik. Amma avrokuboklara düşmək də istəyirdik. Şükür Allaha bunun da öhdəsindən gəldik. İstədiyimiz məqsədə çatdığımıza görə hamımız sevincliyik.
- Bu mövsüm komandanın aparıcı üzvünə çevrilə bilmişdin. Özün üçün mövsümü necə dəyərləndirirsən? Yenidən əvvəlki səviyyəyə yüksəldiyini düşünürsən?
- Düzdü, bu il yaxşı alındı hər şey. Siz də bunu qeyd edirsinizsə bunu, demək ki, irəliləyiş olub. Amma bununla kifayətlənmək yox, daha da artığını etmək lazımdı.
- Yəqin ki, artıq təkliflərin çoxalıb. "Qəbələ"də qalacaqsan, yoxsa ayrılmaq fikrin var?
- Bəli, doğru qeyd edirsiniz, üç təklifim var. Hamısı da real təkliflərdi. Ancaq "Qəbələ"də rahat olduğum üçün yəqin ki, bir il də qalacam. Çünki bizim mehriban kollektivimiz var.
- "Qəbələ"nin heyətində Konfrans Liqadında oynamaq istəyirsən yəqin. Səncə komanda bu heyətlə, və ya bir az da güclənərsə, hansı nəticəni göstərə bilər avrokuboklarda?
- Bəli, elədir. Avrokuboklarda ölkəmizi layiqincə təmsil etmək istəyirik. İki-üç transfer olarsa, məncə yaxşı nəticə verə bilərik. Buna çox inanıram. Necə ki, heç kim inanmasa da, bunu çempionatda bacardıq. Burada da ola bilər. Niyə də qrupa düşməyək? Məncə, hər şey alınacaq.
- Milli komandanın ilkin heyəti açıqlandı və 15 futbolçu dəvət edildi ora. Sənin adının da olacağını ehtimal edirdin?
- Kim istəməz ki, milli komandada yer alsın? Bu ili yaxşı keçirmişəm. Mən də istəyərdim ki, millinin heyətində olum. Amma Canni De Byazi belə məsləhət görübsə, heç nə deyə bilmərəm. Milliyə layiq olduğumu həmişə demişəm.
Mirbağırağa