Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz"in azarkeşlərlə əlaqələndirici nümayəndəsi Elmar Əliyev Sportal.az saytına açıqlama verib.
Klub əməkdaşı Gəncədən olan millət vəkillərinə, iş adamlarına müraciət edib. Əliyev "Kəpəz"in uğurlu çıxış etməsi üçün gəncəlilərdən dəstək istəyib:
"Gəncədə azarkeşlər üçün bayramdır. Uzun müddətdir ki, "Kəpəz" Premyer Liqada deyildi. Şükürlər olsun ki, komandamız Premyer Liqaya vəsiqə qazandı. Biz buna çox sevinirik. Mən özüm də azarkeş, fanklub rəhbəri olmuşam, bu gün klubda azarkeşlərlə iş üzrə şəxsəm. "Kəpəz"in Premyer Liqaya yüksəlməsinə hamıdan çox mən sevinirəm.
Bu yaxınlarda Gəncədən seçilən millət vəkili Naqif Həmzəyevin doğum günü idi. Öz sosial şəbəkə hesabımda onu həm təbrik etdim, həm də deputatlardan "Kəpəz"ə dəstək olmağı xahiş etdim. Tək onlar yox, Gəncədə imkanlı insanlarlarımız, "Kəpəz"i sevən iş adamları var. "Kəpəz" elə bir klubdur ki, həmişə yüksəkdə olub, çempionatımıza rəng qatıb. AFFA bu gün klubumuza dəstək verir, onlara minnətdarlığımı bildirirəm. Nə qədər çox dəstək olsa, komandamız bir o qədər güclü olar. Hazırda maliyyə çox önəmlidir. Yaxşı oyunçular transfer etmək üçün yaxşı büdcə olmalıdır. Gəncədən olan imkanlı şəxslərdən xahiş edirik ki, "Kəpəz"ə dəstək olsunlar. Biz hər zamankı kimi döyüşkən komanda görmək istəyirik.
"Kəpəz" bir ailədir. Hamı ailənin başında möhkəm olmalıdır, komandanın uğurları üçün can qoymalıdır, çalışmalıdır. Uğur olanda bu, bütün gəncəlilərin uğuru olacaq. "Kəpəz"in uğuru üçün veteranlar, azarkeşlər, hamı bir nəfər kimi komandanın yanında olmalıdır. İnanıram ki, yeni mövsümdə hamı komandamıza dəstək olacaq. Biz bir ailəyik. Ailə olaraq sıx və möhkəm olmalıyıq".