"Bu, Mahir Emrelinin maksimumu deyil, amma ona çox inanırlar" - MÜSAHİBƏ

16:13 - 26 May 2022

Azərbaycan Premyer Liqasının ilk xorvatiyalı legioneri Tomislav Vişeviç ölkəmizdə “Neftçi” forması geyinmişdi. "Ağ-qaralar"la yanaşı "Olimpik" klubunda da çıxış etmiş xorvat hazırda yerli federasiyada çalışır. Sportal.az saytına müsahibə verən veteran futbolçu "Dinamo” ilə ölkə çempionluğu yaşayan Mahir Emreli barədə danışıb.

- Mahir Emreli “Dinamo”nun heyətində Xorvatiya çempionu oldu. Hər halda onun da çıxışını izləyirdiniz. Onun bu çempionluqdakı rolunu necə dəyərləndirirsiniz?
- Mahirin “Dinamo”nun çempionluğundakı rolu böyük deyildi. Amma o, yavaş-yavaş komandanın aparıcı futbolçusu olmağı bacarır. Fikrimcə, yeni mövsümdən o, "Dinamo" üçün daha önəmli rol oynayacaq. 

- Emreli qışda "Legiya"dan ayrılaraq "Dinamo"ya keçmişdi. Gözləntilərinizi qarşıladı, yoxsa ondan daha çox şey gözləyirdiniz?
- Bəli, Mahir qışda gəldi komandaya. Bu müddətdə o, adaptasiya dövrünü keçirdi. Məncə, artıq o, komandaya tam uyğunlaşıb. Fikrimcə, bu, Mahirin maksimumu deyil. "Dinamo"da ona çox inanırlar və komandanı gücləndirmək üçün gətiriblər.

- Mahirin əsas üstünlükləri hansılardı? O, “Dinamo”nun yeni ulduzu ola biləcək?
- Onda bəyəndiyim əsas məsələ oyuna dərhal daxil olması, tez bir zamanda kollektivin nə istədiyini anlamasıdı. Bu da onu göstərir ki, Mahir ağıllı futbolçudu. Üstəlik, onun sürəti və texnikası da yüksəkdi. Mahirin də “Dinamo”da parlaq vaxtı gələcək.

- O, digər azərbaycanlı futbolçuların Xorvatiya klublarına yolunu aça bilər? Yəni, onun özünü göstərməsi Xorvatiya klublarının azərbaycanlı futbolçulara marağını artıra bilər? Necə ki, siz “Neftçi”də oynayaraq xorvatiyalıların ölkəmizə yolunu açmışdınız...
- Əlbəttə ki, Emreli Xorvatiya “bazar”ı üçün azərbaycanlı futbolçulara yol aça bilər. Mahirin özünün də “Dinamo”da uğurlu futbolçu olacağına inamım böyükdü.

- "Dinamo" bütün futbolçular üçün əsl tramplindi. Səncə, o, bu klubdan sonra Avropanın hansı iddialı klubuna keçə biləcək?
- Əlbəttə, bu da baş verə bilər. Düşüncələri yerindədirsə, sağlamlığı da buna imkan verərsə, Mahir daha yaxşı yerlərə gedə bilər. Amma tələsmək olmaz. Mahirin özünün "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi var. Demək ki, klub ona çox güvənir. Onun 24 yaşı var və daha yaxşı yerlərə getmək üçün zamanı da olacaq.

Mirbağırağa

Xəbər xətti