Azərbaycanlı futbol mütəxəssisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib. Təcrübəli məşqçi sabah ölkə kubokunun finalında qarşılaşacaq "Qarabağ" və "Zirə" klublarının şanslarını dəyərləndirib.
- Ölkə kubokunun final oyunu öncəsi "Qarabağ" favorit göstərilir. Sizin fikriniz necədi?
- "Qarbaağ" bu mövsüm göstərdiyi oyununa, heyətində olan oyunçulara, bu ilki performansına görə favorit görünür. Amma favorit görünmək həmişə qalib gəlmək deyil. Kubokun finalı həmişə çətindi. Komanda bir oyun yığışaraq, taktiki cəhətdən ağıllı oynayıb, "Qarabağ"ın hücumlarının qarşısını ala bilər. Hər ikisi layiqli finalçıdı. "Qarabağ" və "Zirə"yə uğurlar arzu edirəm. Kağız üzərində "Qarabağ" favoritdi. Amma oyun başlayanda hesab 0:0 olacaq.
- "Qarabağ" mövsümü yaxşı səviyyədə keçirərək çempion olmağı bacardı. Sizcə, "Zirə" finalda "Qarabağ"a necə üstün gələ bilər?
- Bayaq dediyim kimi, ağıllı müdafiə olunaraq, etibarlı müdafiə qurub, əks-hücumlarda "Qarabağ"ı tuta bilərlər. Yaxud da standart vəziyyətlərdən yararlanmaq mümkündü. "Zirə"nin ikinci nömrə ilə oynayacağı aydındı. Həm bəxt amili, həm də etibarlı müdafiə ilə əks-hücumda "Qarabağ"ın qapısı qarşısında uğur axtarmaq mümkündü. Standart vəziyyətdən də istifadə edə bilsələr, demək ki, "Zirə"nin də uğur qazanmaq şansı olacaq.
- "Qarabağ" uzun müddətdir ki, "qızıl dubl" etmir. "Zirə" isə ilk dəfədir ki, finalda oynayacaq. Sizcə, "Zirə"nin "Qarabağ" önündə və yaxudda əksinə, "Qarabağ"ın "Zirə" qarşısında hansısa üstünlüyü var?
- "Qarabağ" və "Zirə"nin builki oyunlarına baxdıqda birincilərin üstünlüyü aydın görünür. Ağdam klubu nəinki "Zirə" ilə, digər komandalarla müqayisədə də üstünlüyü görünür. Keçən illə müqayisədə bu il daha aydın görnür. Çempionatın sonuna 4-5 tur qalmış çempion olmaları da bunun sübutudu. Rəşad Sadıqov da "Zirə"də etibarlı müdafiə qura bilir. Onlar çempionatın ən az qol buraxan komandalarından biridi. Bayaq dediyim taktiki gedişlər, qeyd etdiklərim detallara görə komanda uğur qazana bilər. İnanmıram ki, “Qarabağ” bu cür rəqib qarşısında rahatlaşsın. Rahat olmayacağı dəqiqdi. "Zirə"nin üstünlüyü də odur ki, ilk dəfə finala çıxıb. Motivasiya sarıdan "Qarabağ"dan heç də geri qalmayacaqlar.
- Qurban Qurbanov - Rəşad Sadıqov dueli də maraqla gözlənilir. Siz də bu cür düşünürsünüz?
- Kubok bir oyundan ibarət olduğu üçün bu oyunda hər şey gözlənilir. Hər iki komanda taktiki cəhətdən ağıllı oynamağa çalışacaq. Həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov futbolu bilən insanlardı. Buna görə də bizi maraqlı oyunun gözləyəcəyini ehtimal etmək çətin deyil.
- Coşqun Diniyevlə final oyunu öncəsi danışmısız? Onunla hansı təcrübənizi bölüşmüsüz?
- Coşqunu bürünc medal qazandıqlarına görə təbrik etmişəm və kubokun finalına görə də uğurlar arzulamışam. Əlbəttə ki, hər zaman futboldan danışanda, çatışmayan cəhətləri varsa, onları özünə deyirəm . Onun üzərində işləməsini istəyirəm. Bu qədər. Ata kimi yox, sırf peşəkar kimi deyirəm bunları ona. Harada artıra bilər, hansı məqamlardan daha yaxşı istifadə etməlidir filan.
- "Qarabağ" və "Zirə" komandaları avrokuboklarda ölkəmizi təmsil edəcək. Bu iki klubdan hansının avrokuboklarda qruplara düşmək ehtimalı yüksəkdi?
- Real danışsaq, burada cavab avtomatik olaraq “Qarabağ”dı. Çünki onların Avropa təcrübəsi yüksəkdi. Həm heyət, həm də oyun baxımından qrupa düşmək üçün böyük üstünlüyə sahibdi. Gəlin etiraf edək ki, “Zirə” üçün qruplara düşmək çox çətin olacaq. Onlar iki mərhələ keçərsə, bu, onlar üçün uğur sayılacaq. Çünki yeni komandadılar. Futbolçular səviyyəsinə görə “Qarabağ”dan çox geri qalır. Amma əminəm ki, "Qarabağ" üç yarışdan birində mütləq qrup mərhələsinə vəsiqə qazanacaq.
Mirbağırağa