"Zirə"nin yarımmüdafiəçisi Hacıağa Hacılı Sportal.az saytına müsahibə verib. 24 yaşlı futbolçu paytaxt klubunun cari mövsümkü çıxışını dəyərləndirib və Konfrans Liqasındakı şanslar barədə danışıb.
- "Zirə" ölkə kubokunun finalında "Qarabağ"a qarşı çox yaxşı mübarizə apardı. 90 dəqiqə və əlavə vaxtda rəqib sizi məğlub edə bilmədi. Ehtimal edirdiniz ki, "Qarabağ"ın qarşısını 120 dəqiqədə ala biləcəksiz?
- Göründüyü kimi oyuna çox ciddi hazırlaşmışdıq. Meydanda nə edəcəyimizi yaxşı bilirdik. “Qarabağ”ın da nələr edə biləcəyini edirdik. 90 dəqiqə ərzində üstünlük “Qarabağ”da olsa belə, biz rahat idik. Biz oyunu 90 dəqiqə ərzində udmaq istəyirdik. Amma olmadı. “Qarabağ” da oyunun taleyini 90 dəqiqə ərzində həll etmək istəyirdi. Əlavə vaxtda da bizim üçün dəyişən bir şey olmadı. Çünki hamı oyuna çox yaxşı hazırlaşmışdı. İlk dəqiqədən 120-ci dəqiqəyə qədər ayıq və diqqətli idik. Finalda əlavə vaxtın olması bizdən çox “Qarabağ”ı narahat etdi. Biz oyunun hər dəqiqəsindən ləzzət alırdıq.
- Matçın qalibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyuldu. Bu anda ehtimal edirdin ki, qalib gələ biləcəksiz?
- Penaltilər olanda bilirdim ki, bizim yaxşı penalti vuran oyunçularımız zədə səbəbindən əvəzlənib. Ona görə də bir az narahat idim. Onlar meydanda olsaydı, penaltilər seriyasında çox rahat olardım. İstənilən halda penalti nöqtəsinə yaxınlaşan hər bir komanda yoldaşıma inanırdım. Bu dəfə bizdə alınmadı. Hər bir komanda yoldaşıma təşəkkür düşür.
- Ümumiyyətlə, matçın gedişində qələbə hesabını saxlamaq çətin idi? Yəni 90 dəqiqəni qalib başa vurmaq mümkün deyildi?
- 90 dəqiqəni qalib başa vurmaq istəyirdik. Bu, mümkün idi. Biz azlıqda ikən qol buraxdıq. Həmin vaxtı Qismət Alıyev zədələndi. Zubir də 2-3 dəqiqə boş qaldı və bundan istifadə etdi. Futbolda belə hadisələr olur. Çox xırda epizodlardı. Bundan da "Qarabağ" yaxşı yararlandı.
- "Zirə" ölkə kubokunu qazanmasa da, mövsümü bürünc medalla başa vura bildi, avrokuboklara vəsiqə qazandı. Mövsümü "Zirə" üçün necə dəyərləndirirsən? Əsas məqsədinizə çatdınız?
- Enişli-yoxuşlu çempionat getdi. Daha çox xal toplaya bilərdik. Bəzən diqqətsizlik, bəzi adi səhvlərdən xallar itirdik. Buna baxmayaraq hər oyuna qələbə üçün çıxırdıq. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma futbolçularla öz aramızda danışanda belə, ən azı ikinci yeri tutmaq istədiyimizi deyirdik.
- "Zirə"də icarədə oynayırsan və məlumata görə, "Qarabağ"dan növbəti mövsüm üçün də icarəyə götürüləcəksən. Yəqin ki, özün də bu komandada qalmaq istəyirsən?
- Hələ ki, bu haqda heç bir şey fikirləşməmişəm. Xeyirlisi nədirsə, o da olar.
- Konfrans Liqasında mübarizəyə başlayacaqsınız. Bu mərhələdə səncə, komanda hansı nəticəni göstərə bilər? Uğurlu nəticəyə ümidlisiz?
- Hər bir komandaya ciddi başağrısı olacağımızı düşünürəm. Mərhələlər keçəcəyimizə inanıram. Özümüzə də güvənirəm. Bunun üçün də daha yaxşı, daha ciddi, daha peşəkar olmalıyıq, hazırlaşmalıyıq.
Mirbağırağa
saytlarin hazirlanmasi