Bu mövsümü "Qarabağ" üçün super, hətta ideal dəyərləndirmək olar. Həm kuboku, həm də ölkə çempionu olmağa layiq idilər. Düzdü, kubokun finalında "Zirə" yaxşı müqavimət göstərdi onlara. Finalda müəyyən sürprizlər baş verə bilir. Ona doğru da gedirdi. Lakin "Qarabağ" daha təcrübəli olduğu üçün sonda qalib gələn tərəf oldu. Burada təcrübə də böyük rol oynadı. "Zirə" layiqli üçüncü yer əldə edərək, gələcək sezon daha iddialı ola biləcəklərini göstərmiş oldu".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Vasif Haqverdiyev deyib.
Vaxtilə Ağdam klubunun formasını geyinmiş Haqverdiyev "Qarabağ"ın bu mövsümkü uğurlarından söz açıb. Onun sözlərinə görə hələ bir neçə mövsüm Qurban Qurbanovun komandası qarşısıalınmaz olacaq: "Final oyununda "Zirə"dən Davit Volkov və Sərtan Taşqının fərqlənə bilməməsinə gəlincə, penaltiyə görə futbolçuya qiymət verilmir. Volkov komandanın ən yaxşılarından olub, Sərtanın isə oyun praktikası az idi. Penaltini bəzən ən güclü futbolçular da vurmaya bilir. Sadəcə psixoloji cəhətdən daha hazırlıqlı olmaq lazım idi. Daha inamlı, daha soyuqqanlı vurmaq olardı penaltini. Finaldı deyə, həyəcanlarını boğa bilmədilər.
"Qarabağ"ın qarşısını almaq çətindi. Çünki oturuşmuş heyətləri, sistemləri var. Futbolçular bir-birini gözəl başa düşür meydanda. Qarşıdakı mövsümdə də "Qarabağ"ın qarşısını almaq çətin olacaq. Bəli, bu mövsüm yalnız “Səbail” məğlub edə bildi "Qarabağ"ı daxili çempionatda. Amma burada "ASCO Arena"nın ot örtüyünün durumu da önəmlidi. Ot örtüyünün keyfiyyəti yüksək deyildi. "Qarabağ"lı futbolçular da bundan əziyyət çəkdi. "Səbail"in qələbəsinə kölgə salmaq istəmirəm. Amma fakt odur ki, "Qarabağ"a meydança amili təsir etdi. İl ərzində hər bir komanda bu cür hallarla qarşılaşır.
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarına gəlincə, futbolçuların açıqlamalarından görünür ki, onlar da bunu istəyir. Niyə də olmasın? Artıq bir dəfə komanda bunu bacarıb. Hər komandada güclənməlidi. Hansı mövqelər güclənməlidir ki, komanda qrupa düşsün, bunu Qurban Qurbanov daha yaxşı bilir. Biz onlara inanırıq ki, ÇL-in qrupunda ölkəmizi təmsil edəcəklər".