Azərbaycan milli komandasının veteran futbolçusu, "Cəbrayıl"da baş məşqçi və klub prezidenti kmi Regiona Liqada çempionluq qazanan Cavid Hüseynov Sportal.az saytına müsahibə verib:
- "Cəbrayıl" Region Liqada çempionluq yaşaya bildi. Belə olacağına inanırdın?
- Çempionluğumuz asan olmadı. 8-9 ayda uzun yol qət etdik, əziyyət çəkdik. Səhər 08:00-da toplanırdıq, 08:30-da məşqimiz başlayırdı. Klubu formalaşdırmağın özü də əziyyətli idi. Əziyyətli olduğu qədər də şirin yol alındı. Şükürlər olsun ki, Allah bizə çempionluq sevinci bəxş etdi. Daim xatırlayacağımız gözəl duyğular oldu.
- Bunu sənin özün üçün həm baş məşqçi, həm də rəhbər kimi sınaq hesab etmək olar?
- Bəli. Bu işdə dostum, idman direktoru, sponsorumuz Şahin müəllimin də adını qeyd etmək istəyirəm. Onun dəstəyi danılmazdı. Həqiqətən böyük dəstək oldu. Onun yanımızda olması uğurumuzun böyük hissəsini təşkil edir. Şahin müəllimin uzaqgörənliyi, futbola yanaşması sayəsində hər şey daha yaxşı oldu. Onun özündən də çox şey öyrəndim.
- Komanda UEFA Region kubokunda iştirak edəcək. Bu liqada peşəkar futbolçular oynaya bilməz. Yəqin ki, heyətdə tam dəyişiklik olacaq? Axtarışlar davam edir?
- Çətinliklərimiz göz önündədi. Tapşırıq belədir ki, nə vaxtsa peşəkar liqada oynamış, peşəkar kimi futbolçu statusu daşımış futbolçu oynaya bilməyəcək. Təəssüf ki, hazırki oyunçularımız bizə kömək ola bilməyəcək. Çünki əksəriyyəti peşəkar liqada oynayıb, peşəkar müqaviləsi olub. 24 gün vaxtımız var. Ancaq çox çətindi. Bacardığımız qədər maksimum irəlliləyəcəyik, komandanı yenidən formalaşdırmağa çalışacağıq.
- Yeni mövsüm üçün Premyer Liqa və ya birinci divizion komandalarının təklif gələrsə, işləməyə hazırsan? Belə olacağı təqdirdə "Cəbrayıl"ın aqibəti necə olacaq?
- Təbii ki, məşqçilik karyeramda həvəskar liqa ilə kifayətlənə bilmərəm. Artıq qərarımı vermişəm, aşağı yaş qruplarında məşqçilik etmək istəyirəm. Bu, hər hansı klubda U-17 və U-19 yaş qrupu ola bilər. Püxtələşmək istəyirəm. "Cəbrayıl"a gəldikdə, komanda fəaliyyət göstərəcək. Bəlkə də iddiası olmayacaq, amma fəaliyyətini dayandırmayacaq.
- Qarşıdakı neçə ildə Premyer Liqada baş məşqçi kimi işləyə biləcəyini ehtimal edirsən?
- Bu haqda heç nə deyə bilmərəm. Bu, toplayacağım təcrübədən asılı olacaq. Püxtələşmək üçün keçəcəyim yol var. İlkin addımları atmışam. Düşünürəm ki, buna çox ehtiyacım var. Ən azı 2-3 ildən sonra özümü bu yerlərdə görürəm. Amma hələ ki, təcrübəyə ehtiyacım var. Savadımı, biliyimi nə qədər artırsam, mənim üçün bir o qədər yaxşıdı. Premyer Liqada baş məşqçi işləmək üçün tələsmirəm.
Mirbağırağa