Azərbaycan milli komandasının veteran futbolçusu, vaxtilə Toni Adamsın rəhbərlik etdiyi "Qəbələ"də oynamış, Türkiyədə isə "Dənizlispor" forması geyinmiş Arif İsayev Sportal.az saytına müsahibə verib.
- Futboldan uzaq düşməyini özün istəmisən, yoxsa məcburiyyətdən belə olub?
- Hələ ki, özüm istəmişəm. Başqa işlərim olduğuna və futboldakı durum ürəkaçan olmadığına görə hələ ki, yaxın gəlməmişəm futbola. İşləməyinə işləyə bilərdim. Tərifləmək kimi olmasın, özümdə həmin potensialı görürəm. Təcrübəm də var. Gələcək nə göstərəcək bilmirəm, Allah bilir. Amma həmin cərgəyə qoşulsam da, geri qalmaram onlardan.
- Başqa sferada çalışmağa davam edəcəksən?
- Futbola marağım həmişə var. Dostlarımız var futbolda. Hələ ki, bu haqda düşünmürəm. Dediyim kimi, işlərimə köklənmişəm. Ona görə hələ ki, yaxın vaxtlarda futbola qayıdacağımı deyə bilmərəm.
- Azərbaycan futbolu kənardan necə görünür? Milli komandamızın səviyyəsi yaxşıdı?
- Bəli, kənardan Azərbaycan milli komandasının səviyyəsi çox da yaxşı görünmür. Ümid edirəm ki, ən qısa vaxtda bu durum aradan qaldırılacaq. Düzdü, bu, 3-5 günə həll olunası iş deyil, bunun üçün illər lazımdı. Ümid edək ki, möcüzə baş verəcək.
- Azərbaycan millisi Millətlər Liqasında sabah mübarizəyə başlayır. Qazaxıstana qarşı səfər matçında millinin hansı nəticəni qazanacağını düşünürsən? Əslində, Malta və Latviyaya yoxlama görüşlərində uduzduqdan sonra milliyə inam da azalıb...
- İnşAllah millimiz üçün uğurlu olar Millətlər Liqası. Qazaxıstana qarşı səfərdə oynamaq çətin ola bilər. Xüsusən də, reytinqdə bizdən aşağı olan rəqiblərə məğlubiyyətdən sonra millinin işi daha çətin görünür. Ümid edək və inanaq ki, millimiz ən yaxşı şəkildə təmsil olunacaq. Allah qoysa, qalib gəlməsək də, ən azından Qazaxıstanda uduzmarıq.
- Canni De Byazinin Albaniya millisilə qazandığı uğurları Azərbaycanda da təkrar edəcəyini düşününənlər də az deyildi. Millətlər Liqasında qrupdan birinci çıxmaq potensialımızı görürsən?
- Bəlkə də, baş məşqçi etmək istəyir. Amma hər zaman hər yerdə, hər şey eyni getmir. Azərbaycan millisinin özünə gəlməsi üçün uzun vaxta ehtiyac var. Milli təkcə "Qarabağ"dan ibarət olmamalıdı. Yaxşı, potensiallı uşaqlar "Qarabağ"dadı. Digər klublarda da potensiallı uşaqlar artmalıdı. Düzdü, bu, 3-5 günün işi deyil. Bunun üçün uzunmüddətli, planlı iş qurmaq lazımdı. Potensiallı uşaqların üzərində dayanılmalıdı ki, milli nəticə verməyə başlasın. Qrupdan çıxmağa gələndə, nə deyim, ümid edək belə olar. Qrupdan çıxmaq da olar. Güc qoysalar, niyə də olmasın? Düzdü, çətin görnür. Millinin son oyunlarına baxanda belə nəticəyə gəlmək olur ki, qrupdan çıxmaq çətindi. Ancaq inanaq da.
- Türkiyədə oynayan futbolçularımızın sayı çox deyil son illərdə. Namiq Ələsgərovun komandası "Bursaspor" isə mövsüm sonunda ikinci liqaya yuvarlandı. Səncə, nəyə görə futbolçularımızı heyətinə cəlb edən Avropa klubları çox azdı?
- "Burasaspor" kimi klubun aşağı liqaya yuvarlanmasına üzüldüm. Ümumiyyətlə, normal səviyyədə olan klubların aşağı liqalara yuvarlanmasını qəbul edə bilmirəm. Təkcə Namiqə görə yox, elə "Bursaspor" kimi gözəl stadionu, azarkeşi olan klubun aşağı liqaya düşməsi məni üzdü. Ürəkaçan durum yoxdu. Ümid edirəm ki, yüksək liqaya qayıdarlar. Türkiyədə futbolçularımızın çox olmamasına gəlincə, azərbaycanlı futbolçuların reytinqi aşağı olduğuna görə, biz tərəfə çox baxmırlar. Ona görə bunun da yolunu tapmaq lazımdı.
- Vaxtilə "Dənizlispor"da oynamısan. Səncə, bu dəqiqə həmin klubda da oynaya biləcək futbolçumuz yoxdu?Yeri gəlmişkən, millidəki legionerlərimizin əksərinin komandası aşağı liqaya yuvarlandı...
- Əlbəttə ki, var. "Dənizlispor"da, daha üstün klublarda oynaya biləcək futbolçularımız var. Sadəcə gedib ora çıxmaq lazımdı. Bəzi futbolçularımız var ki, ümumiyyətlə heç kənara çıxmaq istəmir. Rahat yeri qoyub heç kim uzun müddətlik kənara yollanmaq istəmir. Təbii ki, futbolçularımızın komandalarının aşağı liqaya yuvarlanması yaxşı deyil. Ümid edək ki, gələn mövsümlərdən autsayderlərin yox, daha yaxşı klubların formalarını geyinəcəklər.
Mirbağırağa