Uzun illər Azərbaycanda müxtəlif klublarda çalışmış, millimizin sabiq baş məşqçisi Qyoko Haciyevski Sportal.az saytına müsahibə verib. Şimali makedoniyalı futbol adamı həm Azərbaycan klublarından, həm də milli komandamızdan söz açıb.
- Bu il “Qarabağ” həm ölkə çempionu oldu, həm də kuboku qazandı. Onlar haqda nə düşünürsünüz?
- “Qarabağ”ı çempionluq və kuboku qazanması münasibətilə təbrik edirəm. Daha yaxşı təşkilatlanmış klub və daha yaxşı futbolçulara malik olduqlarını göstərdilər. 10 ildir ki, hər zaman yüksəlişə doğru gedirlər. Avropada da yaxşı təcrübələri var. Uğurlu çıxış edirlər. Həqiqətən "Qarabağ" layiqli komandadı. Qurban Qurbanov başda olmaqla bir daha bütün kollektivi təbrik edirəm. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.
- Ötən mövsümün çempionu “Neftçi” isə bu il nə çempion ola bildi, nə də kuboku qazandı. Sizcə, onlar niyə titulsuz qaldı?
- Əslində, “Neftçi”nin çempionluğundan sonra daha da inkişaf edəcəklərini, daha da güclənəcəklərini gözləmək olardı. Çünki hər yerdə belədi, komanda çempion olursa, illər keçdikcə daha yaxşı duruma gəlir. Ancaq “Neftçi”də nə baş verdi, bilmirəm. Hər halda yaxşı analiz getməlidi ki, səbəbini bilsinlər. Samir Abasov da mənim futbolçum olub. Ona uğurlar arzu edirəm. Mətbuatınızdan oxuduğum qədərilə yeni başqa məşqçi gəlməlidi “Neftçi”yə.
- Millidə baş məşqçisi olduğunuz Mahmud Qurbanov da yeni mövsümdən Premyer Liqada işləyəcək. O, “Səbail”in baş məşqçisi təyin edilib. Ondan məşqçi kimi gözləntiləriniz necədi?
- Mahmud Qurbanov çox yaxşı futbolçuydu, texnikası yüksək idi. Özü də sakit, təmkinli, yaxşı və düzgün insandı. Ona da yeni mövsümdən “Səbail”də uğurlar arzulayıram. Mahmud Qurbanov, Rəşad Sadıqov, Qurban Qurbanova arzulayıram ki, ölkə xaricində də işləsinlər. Düzdü, onlar ən yaxşısını Azərbaycan futbolu üçün edirlər. Amma xaricə də getmək önəmlidi. Fərqli şərtlərlə işləyərək, daha da artıracaqlar. Tək olanda öz biliyini, avtorirtetini, daha da artıra bilirsən. O zaman hər şey daha yaxşı olur. Hər üçünə də beynəlxalq məşqçi kimi uğurlar qazanmasını arzulayıram.
- Yeni mövsümdən Premyer Liqadakı komandaların sayı artırıldı. “Turan Tovuz” və “Kəpəz”in yüksək liqaya buraxılması Azərbaycan futboluna nə qazandıracaq?
- Bu, məni çox sevindirdi. “Turan Tovuz” və “Kəpəz” Azərbaycan çempionatını daha da maraqlı edə bilir. Çempionatda minimum 10 komanda olmalıdı. Ümidvaram ki, sonrakı illərdə komanda sayı daha da artacaq. Zaqatala, Lənkəran, Yevlax kimi futbol şəhərləri də çempionatda təmsil olunmalıdı. Belədə, daha maraqlı çempionat görmək mümkündü, daha çox futbolçu, məşqçi çıxacaq. Milli üçün də seçim geniş olacaq. Əminəm ki, yeni mövsüm Azərbaycan Premyer Liqası əvvəlki illərdəkindən daha maraqlı keçəcək. Azərbaycan klublarına avrokuboklarda uğurlar arzu edirəm. Hər bir komandanı izləyib, ürəkdən onlara dəstək olacam.
- Azərbaycan millisi bu gün Millətlər Liqasında çıxışına start verir. Qazaxıstanla səfərdəki görüşdə millimizin hansı nəticəni göstərəcəyini ehtimal edirsiz?
- Ötən il Azərbaycan millisinin nəticələri çox pis oldu. Ancaq Canni De Byazi postunda qaldı, yəqin ki, federasiya onda keyfiyyəti görüb, inanır hələ də. Hər bir məşqçinin şans görməyə haqqı var. Azərbaycan millisi son seçmə mərhələsindəkindən daha yaxşı oynamağa, daha yaxşı nəticə göstərməyə məcburdu. Yaxşı rəqabət yaratmaq lazımdı komandada. Azərbaycan əvvəlkindən yaxşı oynamalıdı. Görək də, Qazaxıstana qarşı necə olacaq. Çox da güclü qrupa düşməyiblər. Azərbaycanın bu qrupda uda bilməyəcəyi rəqib yoxdu. Hər bir rəqibi keçməlidi. Ümid edək ki, Azərbaycan da Şimali Makedoniya kimi uğurlara imza atsın, Avropa çempionatına yollansın. Şimali Makedoniya bunların təsadüf olmadığını İtaliyanı udaraq göstərdi. Azərbaycan güclü, hər bir şəraiti olan ölkədi. Futbol şəraiti yüksəkdi. Öz məşqçiləri və futbolçuları futbol üçün hər şeyi etməlidi. Digər idman növlərində Azərbaycan yüksək nəticələr göstərir. Bu, həm dünya çempionatlarında, həm də Olimpiya oyunlarında belədi. Futbolda da Azərbaycanın yaxşı nəticələr göstərməsinin vaxtı çatıb. Hər zaman Azərbaycana dəstək olacam.
Mirbağırağa