Azərbaycan milli komandasının veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib. 40 yaşlı məşqçi millimizin Millətlər Liqasındakı ilk oyununda Qazaxıstana məğlub olmasını dəyərləndirib.
- Millinin Qazaxıstanla oyunundan öncə düşüncələriniz necə idi?
- Bəli, milli yenə uduzdu. Oyundan öncə nikbin idim. Rəqibin bir neçə aparıcı oyunçusunun oynamamasının da xeyrimizə olacağını düşünürdüm. Matça baxanda da görünürdü ki, rəqibi məğlub edə bilərik. Hesab ehtimalım yox idi. Qələbə qazanacağımıza inanırdım. Millimizdə həqiqətən də yaxşı futbolçular var. Ancaq təəssüf ki, məğlubiyyətlə başladıq Millətlər Liqasına.
- Ümumiyyətlə, heyət məsələsi də tez-tez müzakirə edilir. Sizcə, elə ən optimal heyət, ən güclü futbolçularımız hazırda millidə yer alanlardı?
- Bugünkü gündə heyət çox da müzakirə olacaq qədər deyil. Bəlkə də sistem baxımından “4-lü” oynamaq olardı. Qazaxıstana qarşı 5-3-2 sistemində oynadıq. Əgər cinah müdafiəçiləri hücumameyilli oyunçular olsaydı, 3-5-2 sxemindən də danışmaq olardı. Həm Azər, həm Maksim son zamanlar öz klublarında mərkəz müdafiəçisi kimi çıxış edir. Fikrimcə, Maksim yenə mərkəzdə oynamalı idi. Sağda isə Qismət Alıyevə güvənmək mümkün idi. Orta və hücum xəttimiz isə kreativ oyunçulardan qurulmuşdu. Bu heyətlə nəticə əldə etmək mümkündü.
- Sizcə, problemimiz Canni De Byazidən qaynaqlanır? O, postundan gedərsə, hər şey düzələcək?
- Məşqçi oyundan sonra bəxtsizlikdən şikayət edib. Problem ondadı ki, biz növbəti dəfə uduzmuşuq. Uduzmağımızın isə nə ilə əlaqədar olduğunu dəqiq deyə bilmərəm.
- Oyunsonrası mətbuat konfransında Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Canni De Byazinin açıqlamarına münasibət bildirərkən "Azərbaycan millisinin baş məşqçisi daha çox danışır, biz isə daha az danışan, daha çox işləyən komandayıq" deyib. Hansı məşqçinin fikrilə razısız?
- İstəməzdim ki, başqa ölkə məşqçiləri Azərbaycan millisinin çalışdırıcısı haqda bu cür xoşagəlməz sözlər işlətsin. Ancaq bəlkə də Maqomed Adiyevin sözlərində həqiqət var.
- Millimiz növbəti oyununu Belarusa qarşı qarşı keçirəcək. Qazaxıstanla görüşdə milli nəyəsə ümid verdi?
- Belarusla necə oynayacağımızı deyə bilmərəm. Çünki komandamız qeyri-stabil çıxış edir. Nəticəni nəzərdə tutmuram. Ya ümumən istəksiz görünürlər, ya da istəkli oynayıb, tam nəticəyə köklənə bilmirlər. Hazırki millidə potensial var. Qazaxıstana qarşı ilk hissədə meydandada gələcəyə ümidverən komanda var idi. Müdafiə xəttindəki boşluqları nəzərə almasaq, demək ki, problem futbolçularda deyil.
Mirbağırağa