"Bizim milli haqda danışmaq və nəsə gözləmək bir az uyğun gəlmir" - MÜSAHİBƏ

18:20 - 4 İyun 2022

Futbol meneceri Səbuhi Səfiyarlı Sportal.az saytına müsahibə verib. O, Azərbaycan milli komandası və ölkə futbolu haqda fikirlərini bildirib:

 

- Millinin Qazaxıstanla oyununu necə dəyərləndirirsiz?

- Millinin oyunu haqda danışanda mütləq qeyd etməliyik ki, qarşıya qoyulan məqsəd bəlli olduğundan turnirə qələbə ilə başlamaq, Qazaxıstanla matçda 3 xal qazanmaq çox vacib idi. Bizim üçün oyundan daha çox nəticə önəmli idi. Oyundan çox nəticə haqda danışmaq lazımdır ki, o da bizim əleyhimizə oldu. İlk baxışdan yığma komandamız pis təsir bağışlamadı. Amma mənim fikrimcə Qazaxıstanın taktikası idi ki, topu bizə versinlər və əsasən əks-hücumlarda yaxalamağa çalışsınlar. İlk hissədə topla oynama faizi, rəqib qapıda yaranan qol epizodları bizim xeyrimizə olsa da, Qazaxıstan oyunu öz planına uyğun keçirməyə nail olmuşdu. Bir neçə dəfə millimizi əks-hücumda yaxalamaq şansı qazandılar. Rəqib bizim müdafiə xəttini yaxşı analiz etmişdi. Yığmamızın oyunu o qədər də pis deyildi, amma bunun əhəmiyyəti qalmadı. Bizim milli Avropanın aparıcı komandalarından deyil ki, hər dəfə pis və ya yaxşı oynadıq deyə müzakirə aparaq. Bizə nəticə lazımdır. Pis oynayaq, amma mütləq nəticəmiz olsun. Milli komandamızın nəyə qadir olduğu bizə bəllidir. 5-10 günün içində komandanın oyunu dəhşətli dərəcədə yaxşıya doğru dəyişməyəcəkdi. Bizə necəsə nəticə əldə etmək lazım idi. Baş məşqçi necə nəticə qazanmağın lazım olduğunu fikirləşib tapmalı idi. 30 ildir bizim yığma var, oyunumuz demək olar ki, heç vaxt dəyişməyib. Dünənki oyunun hansı hissəsini yaxşı, hansı hissəsini pis oynadığımızı müzakirə etməyin tərəfdarı deyiləm. Bizə lazım olan üç xal idi ki, onu da əldə edə bilmədik və qarşıya qoyulan məqsəddən bir az da geriyə qaldıq. Əsas favorit olan Slovakiya da qalib gəldi. Bizi səfərdə Belarusla çətin oyun gözləyir. Artıq az qala iki oyundan sonra turnir üçün qarşıya qoyulan tapşırığı ilk başdaca bərbad edə bilərik, buna çox yaxınıq.

 

- Canni De Byazinin həm ümumi heyət seçimi, həm də dünənki matçın start heyəti haqda nə düşünürsüz?

- Bizim çox sayda dəhşətli seçim imkanımız yoxdur. Bir-iki futbolçu əlavə etmək olar və ya heyətdən çıxarmaq olar ki, bu da millinin nə oyununa, nə də keyfiyyətinə təsir etməyəcək. Buna görə də Canni de Byazini çox da qınamaq olmur. Qazaxıstanla matçda oyundan çox, sistemdən danışmaq olar. Komandanın oynadığı sistemi bəyənmədim. Uzun müddətdir bu cür oynayırıq. De Byazi bunu özü üçün hər dəfə necəsə izah edir, amma o izahat məni qane etmir. Üç mərkəz müdafiəçisi ilə oynayır, amma biz bilirik ki, çempionatımızda dördüncü mərkəz müdafiəçisini çox çətinliklə tapa bilərik. Sənin çətin üç mərkəz müdafiəçin varsa, niyə üçünü də oynadırsan? Bizdə bu mövqe baxımından kasadlıq var. Əgər 4-5 yaxşı mərkəz müdafiəçisi olsa, bu, başadüşülən olar. Amma bizdə cəmi 3-4 mərkəz müdafiəçisi var və onun da üçünü istifadə etmək doğru deyil. Bədavi Hüseynov hələ tam hazır deyil. Yaşının çox, oyun praktikasının az olmağı göstərdi ki, Bədavi hələ tam hazır deyil. Hücumameyilli çox yaxşı oyunçularımız var. Renat Dadaşovu, Mahir Emrelini gördük, ehtiyatda Namik Ələskərov, Ramil Şeydayev var. Hücumameyilli oyunçularımız çox olduğu halda, biz elə oyun üslubu seçmişik ki, onlardan istifadə edə bilmirik. Baş məşqçi düzgün taktika seçmədiyi üçün formada olan oyunçularımız məcburiyyətdən ehtiyatda qalır. 4-3-3 sistemi ilə oynasaydıq, Namik Ələskərov və ya formada olan digər futbolçular eyni vaxtda meydanda ola bilərdilər. Bu zaman hücum daha effektiv ola bilərdi. Amma təəssüf ki, müdafiəçilərimiz az olduğu halda, yığmamız meydanda müdafiə futbolu göstərməyə çalışır. Bu da göstərdi ki, nəticə istədiyimiz kimi olmadı.

 

- Növbəti oyunlardan millidə nə gözləyirsiz?

- Bu turnirdə qarşımıza böyük məqsəd, qrup qalibi olmağı qoymuşuqsa və gedib Qazaxıstana məğlub oluruqsa, artıq digər oyunlardan heç nə gözləmirəm. İlk matçdan çox şey gözləyirdim. Futbolda çalışan biri kimi yox, azarkeş kimi deyə bilərəm ki, millidən qələbə gözləyirəm. Futbolçular da istəyirlər ki, qalib gəlsinlər, amma təəssüf ki, nəticə yenə də ürəkaçan olmur. Bizim milli haqda danışmaq və nəsə gözləmək bir az uyğun gəlmir.

 

- Premyer Liqada legioner limitinin dəyişməsinin Azərbaycan futboluna təsiri necə olacaq?

- Limitin dəyişməsi barədə danışanda nəyə görəsə mütəxəssislərin əksəriyyəti deyir ki, bu, Azərbaycan futbolunun əleyhinədir, futbolumuza ziyan verəcək. Azərbaycan futbolu təkcə yığma komandalardan ibarət deyil, klublar da var. Yığma yox, klub səviyyəsində baxsaq, deyə bilmərik ki, bu qərar Azərbaycan futbolunun əleyhinədir. Futbolumuzu hörmətə mindirən klubların verdiyi nəticədir. Ona görə də bu sahənin inkişafına daha çox dəstək verməliyik, nəinki yığma komandalara. Millinin inkişafı dörd və ya beş yerli futbolçunun oynamağına görə dəyişmir. Otuz il ərzində çenpionatda üç legionerin oynadığı vaxtlar da olub, beş legionerin də, amma heç vaxt millinin nəticəsi böyük ölçüdə dəyişməyib. Ona görə də ancaq milli tərəfdən baxmaq və limit futbolumuzu məhv edəcək demək doğru fikir deyil. Əgər bu qərar klub futbolunun inkişafına, çempionatın daha maraqlı keçməsinə səbəb olacaqsa, dəstəkləməliyik. Yerli futbolçular da yaxşı rəqabət olan çempionatda yetişir. Son iki-üç çempionat çox zəif keçib. Ona görə də Premyer Liqanın səviyyəsini qaldırmaq lazımdır ki, yaxşı futbolçu yetişsin. Biz yerli futbolçuların hesabına çempionatın səviyyəsini qaldıra bilmiriksə, bunu legionerlərin hesabına etməliyik. Mütəxəssislərin, millidə işləmiş keçmiş məşqçilərin fikirlərini oxudum. Həmin məşqçilərin işlədiyi dövrlərdə hər cür limit olub, amma nəticəyə çox da təsir etməyib. İndi futbolumuzu legioner limitinin artırılmasının məhv edəcəyini demək düzgün fikir deyil. Əksinə yığmanın səviyyəsini qaldırmaq istəyiriksə, oturub işləmək lazımdır, meydanda yerli və əcnəbi futbolçuları saymaq yox.

 

Elçin Əlixan

 

Xəbər xətti