Yeni mövsümdə I Divizionda mübarizə aparacaq "İmişli"nin baş məşqçisi Ruhid Usubov Sportal.az saytına müsahibə verib. O, komandanın çempionata hazırlığı və planları haqda danışıb:
- Yenidən İmişliyə böyük futbol qayıdır. Bununla bağlı təəssüratların necədir?
- Çoxdandır ki, İmişli rayonu böyük futbolu həsrətlə gözləyirdi. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsi oldu. Yeni rəhbərliklə, yeni düşüncələrlə, sağlam heyətlə İmişli futboluna yeni nəfəs gələcək.
- Komanda I Divizion üçün hazırlığa başlayıb? Planlar necədir?
- Hazırlığa hələ ki, başlamamışıq. AFFA ilə bəzi hüquqi məsələləri həll etdikdən sonra hazırlığa başlayacağıq. Toplanış və məşq hazırlığı üçün proqramımız hazırdı. Rəhbərlik tərəfindən nə vaxt göstəriş verilsə, məşqlərə başlayacağıq. Oyunlarımızı İmişli Şəhər Stadionunda keçirəcəyik. Artıq orada təmir işləri gedir, qazon sulanır və hazır vəziyyətə gətirilir.
- Klubun büdcəsi nə qədər olacaq? Bu barədə məlumat var?
- "İmişli" klubunun büdcəsi ilə bağlı heç bir məlumat verə bilməyəcəyik. Bu məsələ ilə rəhbərlik məşğul olur. Bizim işimiz gənclərdən ibarət güclü komanda formalaşdırmaqdır.
- Transfer fəaliyyətinə baslamısız?
- Transferlərlə bağlı nəsə demək hələ tezdir. Öz təkliflərimizi rəhbərliyə təqdim edəcəyik.
- Komandanın hədəfi nə olacaq?
- Komandamızın uzunmüddətli planı var. Əsas məqsədimiz futbolu gənclərə sevdirmək və futbolla məşğul olanları peşəkar səviyyədə hazırlamaqdır. Yerli oyunçuçulardan ibarət güclü komanda formalaşdırmağa çalışacağıq.
- "İmişli"nin Premyer Liqaya yüksəlmək şansı nə dərəcədədir?
- Klubumuzun gələcək 3-5 il üçün planı Premyer Liqada oynamaqdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi