"Millimiz hazırki sxemdən çıxmalıdı, uğur gətirmir"

15:15 - 5 İyun 2022

"Millimiz üçün çox yaxşı şansdı deyə, fikirləşirdim ki, qələbə qazanarlar. Qazaxıstan elə də dəhşətli komanda deyil, dəhşətli futbolçuları yoxdu. Futbolçularımız pressinq edən kimi onlar topu itirirdi, müdafiədən çıxmaqda çətinlik çəkirdilər. Yığmamız İlk hissədə yaxşı oynadı. Fasilədən sonra isə millimiz çox zəif idi göründü".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Əfran İsmayılov deyib. Təcrübəli futbolçu yığma komandamızın Millətlər Liqasının ilk turunda Qazaxıstana məğlubiyyətini şərh edib. Onun sözlərinə görə, millimiz daha fərqli sxemdə oynayarsa, uğurlu nəticə qazana bilər: "Millimizin məğlubiyyəti barədə çox söz danışmaq olar. Amma ehtiyac yoxdu. Qazaxıstana məğlubiyyəti unutmaq lazımdı. Birinci oyuna qələbə ilə başlamaq önəmliydi, amma alınmadı. İndi Belarusla oyunu fikirləşmək önəmlidi. Əslində, heyətimiz normaldı. Amma hər dəfə deyirəm, yenə deyəcəm, eyni sxemlə nə qədər oynamaq olar? Bu qədər olmaz. Slovakiyaya qarşı bu sxemlə oynamağı başa düşmək olar. Amma Qazaxıstan və Belarusa qarşı da bu sxemlə oynamağa dəyməz. Hücumameyilli oynamaq lazımdı.

Qazaxlar müdafiədə oturmuşdu, biz də. "Dördlü" müdafiə ilə oynayıb, cinahlara hücumameyilli oyunçular buraxaraq, hücumlar etməliydik. Qazaxıstan və Belarusu məğlub edib daha sonra rahat şəkildə Slovakiya oyununa hazırlaşmalıydıq. Mən deməklə deyil ki, komandanın baş məşqçisi var. Onun qərarına yenə hörmətlə yanaşıram. Milli bu sxemdən çıxmalıdı, uğur gətirmir də".

Sonda isə İsmayılov Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyevin "daha az danışıb, daha çox işləyən komandayıq" fikrinə münasibət bildirib: "Maqomed Adiyevin fikrilə tanışam, ağıllı söhbət edib. Bəli, az danışıb, çox iş görmək lazımdı.

Azərbaycan millisinin Qazaxıstana qarşı keçirdiyi oyun gələcək üçün ümid vermədi. İstəyirdim ki, qalib gəlsinlər. Milli bizim üçün hər şeydən önəmlidi. Mənim üçün hər zaman klubdan da önəmli olub. Çox istəyirəm ki, millimiz irəli getsin, nəticələr versin. Amma olmur. Bütün futbolçular öz klublarında liderdi. Amma Canni De Byazi eyni sxemi, müdafiəyəmeyilli oynadır. Bu da öz təsirini göstərir. Sxem dəyişməlidi. Bu cür olacağı təqdirdə, nəticə də olacaq".

Mirbağırağa

Xəbər xətti