"Hər iki komanda start oyunlarını uduzub. Ona görə Belarus və Azərbaycan ikinci oyunda üç xal qazanmaq istəyəcək. Hər iki komandanın açıq futbola üstünlük verəcəyini düşünürəm. Proqnoza gəlincə, məncə, oyun 1:1 hesabı ilə yekunlaşacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Vitali Ledenyov deyib.
Azərbaycanda oynamış belaruslulardan olan veteran futbolçu hazırda futbol agenti kimi çalışır. Ölkəmizdə "MKT-Araz" və "İnter"(indiki "Şamaxı") klublarında oynamış Ledenyov bu gün Millətlər Liqasının ikinci turu çərçivəsində Belarus və Azərbaycan milliləri arasında keçiriləcək görüşlə bağlı düşüncələrini bizimlə bölüşüb.
Onun sözlərinə görə, Belarusun Azərbaycana məğlub olması sürpriz sayılmamalıdı: "Azərbaycan millisi hazırda müəyyən səviyyəyə malik komandadı. Yəni, "karlik" millilər sırasına aid deyil. Ümumiyyətlə, keçmiş SSRİ-dən olan millilərin hamısı indi normal səviyyədədi. Ona görə də, Belarusun Azərbaycana məğlub olması sürpriz olmayacaq. İndi hamı futbol oynamağı bacarır. Azərbaycan millisinin də normal səviyyədə futbolçuları var. Onsuzda Belarus və Azərbaycan eyni səviyyədədi. Oyuna yaxşı hazırlaşan komanda qalib gələcək".
Azərbaycan millisi deyəndə dərhal ağlıma vaxtilə "İnter"də birlikdə oynadığımı Vladimir Levin, Aleksandr Çertoqanov, Samir Abasov gəlir".
Mirbağırağa