Millimizin oyununu Novi-Sadda canlı izləyən serb: "İndi rəqiblər Azərbaycan millisinə hörmətlə yanaşırlar" - MÜSAHİBƏ

14:19 - 7 İyun 2022

Azərbaycan millisinin veteran futbolçusu, serbəsilli Branimir Subaşiç Sportal.az saytına müsahibə verib. O, Millətlər Liqasının qrup mərhələsinin ikinci turunun Belarus – Azərbaycan oyununu Novi-Sad şəhərində canlı izləyib. Subaşiç millimizin oyununu canlı izləmək üçün Belqraddan 30-35 dəqiqəlik aralıqda olan Novi-Sad şəhərinə yollanıb. "Banya" millimizin Belarusa qarşı keçirdiyi oyunu dəyərləndirib və Canni De Byazinin rəhbərlik etdiyi kollektivin qrupdan çıxmaq şansları haqda da danışıb.

- Oyunu canlı izləyə bildin. Futbolçularla və AFFA rəsmilərilə görüşdün?
- Bəli, oyunda idim. Belqraddan Novi-Sada getmişdim. Oyundan əvvəl futbolçularla, AFFA rəsmilərə görüşdüm. Oyunu da izlədim. Görünürdü ki, onların çox da yaxşı əhval-ruhiyyəsi yoxdu. Yəqin ki, bu da son oyundakı məğlubiyyətə görə idi.

- Belarus – Azərbaycan matçının Serbiyada keçiriləcəyini əvvəlcədən bilirdin yoxsa, son anda xəbər tutmuşdun?
- Düzü, oyundan bir neçə gün əvvəl bildim ki, matç Novi-Sad şəhərində keçiriləcək. Bunu biləndə çox sevinmişdim. Çünki Azərbaycan millisinin yenidən Serbiyaya gəlməsi xoş idi. Formasını geyindiyim komandanı canlı izləmək həyəcanlı və gözəl oldu.

- Oyuna gəlsək, səncə, niyə Azərbaycan qalib gələ bilmədi?
- Oyun heç də asan olmadı. Həqiqətən də yaxşı, döyüşkən oyun getdi. Hər iki komanda sona qədər döyüşürdü. Heyf ki, qalib gələ bilmədik. Amma nə etmək olar, futboldu. Gərək futbolçular başlarını dik tutaraq, növbəti oyunlara hazırlaşsın. Çünki zamanı geri qaytarmaq mümkün deyil. Ona görə də yalnız irəliyə baxmaq lazımdı.

- Canni De Byazi tez-tez tənqid edilir. Bu, həm oyun stil, sxem, həm də futbolçu seçimi ilə bağlı olur. Sən də oyunu canlı izlədin. Millinin oyun sxemi haqda fikrin necədi?
- Heç kimi tənqid etmək fikrim yoxdu. Amma şəxsi fikrimi deyəcəm ki, məşqçi komandaya baxımlı futbol oynadanda, çoxlu qollar vurması üçün, uyğun sxem qurub meydana buraxanda daha çox sevirəm. Bu oyun stili ilə baş məşqçi öz möhürünü də qoyur. Siz dediyiniz məsələyə gəlincə, nə bilim, nə deyim...Məncə, o deyil...

- Millidə futbolçu sarıdan problem görürsən? Hazırki futbolçularla nəticə göstərmək mümkündü? Sən oynadığın vaxtdakı milli güclü idi yoxsa, indiki?
- Azərbaycan millisində yaxşı futbolçular var. Mənim vaxtımda da yaxşı, baxımlı oyunlarımız olmuşdu. İndiki yoxsa, o vaxtki yaxşı idi, deyə bilmərəm. İndi oynamıram, kənardan baxıram. Bunlar fərqli məsələlərdi. Oyuna baxaraq nəsə demək asandı. Amma meydanda olanda hər şey elə də asan olmur. Düzdü, bizim vaxtımızda böyük hesablı məğlubiyyətlərimiz var idi. İndi rəqiblər də aşağı-yuxarı Azərbaycan millisinə hörmətlə yanaşırlar. Çox istəyərdim ki, Azərbaycan futbolunun səviyyəsi yüksəlsin. Həmin anı çox gözləyirəm.

- Necə düşünürsən, Belarusa qarşı oynanılan oyunla Azərbaycan millisi qrupdan çıxmağa iddia edə bilər?
- Prinsipcə, qrupdan çıxmaq mümkündü. Yəni, bunun baş verməsi mümkündü. Niyə də olmasın? Evdə Belarusu və Slovakiyanı məğlub etmək lazımdı. Qrupdan çıxmaq istəyirlərsə, evdə Slovakiya və Belarusla matçlarda xal itirmək olmaz. 

Mirbağırağa

Xəbər xətti