Azərbaycan millisinin veteran qapıçısı Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi iki turdan sonra cəmi bir xala malikdi. Geridə qalan iki turda millinin oyunlarını necə dəyərləndirərdin?
- Hər iki oyuna baxdım, hər iki oyunda komandamız yaxşı təsir bağışladı. Futbolçular istəkli futbol oynadı, qələbə qazanmaq istədikləri görünürdü. Qol imkanlarımız oldu, sadəcə dəyərləndirə bilmədik. Hər halda milli çox yaxşı oynadı, xoşuma gəldi. Hücum futbolu oynayırdılar. Düzdü, indi bir xalımız var. Qarşıdakı oyunlara baxacaqlar. Yəqin ki, qarşıdakı oyunlarda da əzmkar olub, meydana qələbə üçün çıxacaqlar.
- Səncə, Qazaxıstan və Belarusu məğlub edə bilərdik?
- Bəli, həm Qazaxıstanı, həm də Belarusu uda bilərdik. Sadəcə bəxtimiz gətirmədi. Halbuki qol imkanlarımız var idi. Həmin günü bəxt də bizdən üz döndərmişdi. Oyunun gedişatında da görünürdü ki, uşaqlar meydana qələbə üçün çıxıb, komanda istəklidi. Canni De Byazinin də məqsədi qələbə qazanmaq idi. Dediyim kimi bəxtimiz gətirmədi.
- Canni De Byazinin meydana buraxdığı heyət və oyun sxemi tez-tez müzakir edilir. Səncə də, bununla bağlı problem var?
- Baş məşqçi rəqibi analiz edir, komandanı bildiyi və istədiyi taktikaya uyğun də oyuna hazırlayır. Bu, onun düzgün qərarı, seçimidi. Çünki rəqibi analiz edən odur. Taktikaya uyğun da futbolçuları meydana buraxır. Nə mən, nə də başqa mütəxəssis bunun düzgün olmadığını deyə bilər. Çünki bu, düzgün yanaşma deyil. Hər bir məşqçi rəqibi analiz edib, ona uyğun oyuna taktiki hazırlıq görür.
- Məsələn, Slovakiya önünə hansı heyətlə çıxmağımız bizə xeyir verər? Hansı futbolçulara üstünlük vermək olar?
- Canni De Byazi Slovakiyanı analiz edəcək və istədiyi futbolçuları meydana buraxacaq. Niyə də Slovakiya ilə matçda qalib gəlməyək? İnanıram ki, uşaqlar meydana qələbə üçün çıxacaq. Rəqibin baş məşqçisinin istefa verməsi bizim üçün önəmli deyil.
- Necə düşünürsən, ümumiyyətlə, millinin əsas problemi De Byazidi? Bu futbolçularla uğurlu işlər görmək olarmı?
- Bu, düzgün yanaşma deyil. Hər bir baş məşqçi öz işində uğur qazanmaq istəyir. Canni De Byazi və ya başqa mütəxəssis, meydana buraxdığı oyunçuları tam analiz edir. Bu gün də hər bir məşqçinin istəyi, arzusu komandasının qələbə qazanmasıdı. Burada heç bir problem görmürəm. Futboldur da, qələbə, məğlubiyyət var. Şanslı və şanssız gün olur. Bunu düzgün dəyərləndirmək lazımdı. Özümüz də futbol oynamışıq. Futbolun hər üzü var.
- Slovakiya və Belarus matçlarında millimizdən gözləntin nədir?
- Qarşıda oyunlar çoxdu. İnanıram ki, millimiz qarşıdakı oyunlarda qalib gələrək, çıxışını birinci pillədə başa vura biləcək. Hər şey ola bilər. İndidən hansısa komandanın birinci yeri tutacağına zəmanət verilməyib. Çünki qarşdıa çox oyun var. Onları gözləməliyik.
Mirbağırağa
saytlarin hazirlanmasi