"Millinin ilk iki turda keçirdiyi oyunları təhlil etsək, başa düşmək olar ki, qarşıya qoyulan məqsəd qrupdan çıxmaqdı. Millətlər Liqası bizim üçün şansdı. Bu şanslardan da maksimum yararlanmağa çalışırıq. Milli hamımızındı, həyəcanlı şəkildə oyunları izləyirik. Qazaxıstanla oyunun ilk 45 dəqiqəsini götürsək, yaxşı oynadıq, qol epizodları yaratdıq, ərazi üstünlüyü bizdə idi. Rəqib üzərində əməlli-başlı stress yaratmışdıq, Qazaxıstan çaşqınlıq içində idi. Amma təəssüflər olsun ki, xal qazana bilmədik. Bir xal qazansaydıq, şanslarımız daha da çoxalardı. Amma uduzduğumuza görə rəqibə üstünlük verdik".
Bu sözləri Sportal.az saytına açıqlamasında Sənan Qurbanov deyib.
Azərbaycanlı məşqçi milli komandamızın Millətlər Liqasındakı çıxışını dəyərləndirib. O, yığma komandamızın Belarusa qarşı keçirdiyi oyunu haqda da danışıb. Bununla yanaşı Canni De Byazinin millidə tətbiq etdiyi oyun sxemini də qiymətləndirib:
"Belarusla oyun neytral zonada keçirildi, yəni rəqibin evdə oynadığını demək olmaz. Həm bizim, həm də rəqibin qol imkanları var idi. Hazırda bir xalımız var və işimiz bir az da çətinləşib. Həm Belarusu, həm də Qazaxıstanı məğlub etmək olardı. Oyun da göstərdi ki, bunu etmək olardı. Biz də futbol ictimaiyyəti olaraq fikrimizi bildiririk. Amma biz daxildə deyilik. Gördüyümüz odur ki, arxadakı 5 müdafiəçinin hamısı müdafiə planında yaxşıdılar, önə çıxmaqlarında isə problemlər yaranması normaldı. Çünki futbolçular ampluaca müdafiəçidi. Elə görünə bilər ki, müdafiə futbolu oynayırıq. Bəlkə də qapımızda qol imkanları olmasaydı, futbol ictimaiyyəti razılaşardı ki, biz müdafiə futbolu oynayırıq və əlimizdə düşən minimum imkanlardan yararlanıb qol vururuq. Amma təəssüflər olsun ki, qapımız qarşısında qol imkanları da çoxdu, qollar da buraxırıq. Ona görə bu müzakirələrin olması normaldı. Futbol ictimaiyyəti millini qınaq obyektinə çevirir ki, baş məşqçi burada niyə bu cür oynatdı komandanı? Yaxud da 5 müdafiəçi ilə yox, 4 müdafiəçi ilə də oynatmaq olardı fikirləri səsləndirilir. Mən də həmin deyilənlərə qoşuluram. Mənə də elə gəlir ki, öndə daha çoxala bilərik. Təbii ki, ancaq hücuma çıxıb, müdafiəni unutmaq olmaz. Çünki bizə xallar lazımdı".
Qurbanovun fikrincə millimiz Slovakiya ilə matçda qalib gələ bilər: "Slovakiya önünə də sırf dörd müdafiəçi ilə oynasaq daha yaxşı olar. Bəlkə də qol imkanlarımız çoxaldı. Onsuzda beş müdafiəçi ilə oynayanda da boşluqlar buraxırıq, 4 müdafiəçi ilə oynayanda da. Bu, artıq baş məşqçiyə aid məsələlərdi. Komandanı məşq etdirən, hər şeyi görən Canni De Byazidi. Biz sadəcə olaraq kənardan gördüyümüzü deyirik. Təbii ki, Slovakiyanı da, Belarusu da məğlub etmək olar. "Neftçi"də, "Qarabağ"da öz sözünü demiş futbolçularımız var. Milli komandanın daim uduzması artıq normal deyil, qələbə qazanmalıyıq".
Sonda isə 41 yaşlı mütəxəssis Azərbaycan millisinin qrupdan çıxmaq şansları barədə fikirlərini söyləyib: "Qrupdan çıxmaq şanslarımız azdı. Lakin olan şansı da maksimum dəyərləndirmək lazımdı. Qazaxıstan artıq qrup birincisidi. Bizim də Belarusla birlikdə bir xalımız var. Demək olmaz ki, şansımız ümumiyyətlə yoxdu. Sadəcə olaraq, Slovakiyanı məğlub etmək lazımdı. Qazaxıstanda itirdiyimiz üç xal bizim üçün yetərlidi. Qarşıdakı matçlarda xal itkisi olmamalıdı ki, rəqiblərin də xal itkisini gözləyərək qrupdan çıxmaq şansımızı çoxaldaq".
Mirbağırağa