"Azərbaycanı öz ölkəsi kimi qəbul edən Ozanın milliyə dəvət edilməməsinin səbəbini mən də sizdən soruşmaq istəyirəm"

13:46 - 9 İyun 2022

"Ozanı istəyən klublar çoxdu. Amma Azərbaycandan heç bir klubla danışmamışıq. Onun "Telstar"la bir illik müqaviləsi qüvvədədi. Azərbaycandan gələcək layihələr üçün təklifləri dəyərləndirə bilərik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Halis Kökçü deyib.

"Sabah" və U-21 yığmamızın sabiq üzvü Ozan Can Kökçünün atası və meneceri olan Halis bəy oğluna Azərbaycan klublarından təklif gəlməməsinə münasibət bildirib: "Bəlkə də Azərbaycan klubları Ozanı unudublar. Bununla bağlı kimsə haqda, nəsə demək istəmirəm. Ya da skaut sistemini yaxşı etmirlər. Yəni, transferlər "transfermarkt"dakı performanslara görə edilməməlidi. Futbolçuların hansı liqalarda oynaması və davamlılığı diqqətə alınmalıdı".

Halis Kökçü oğlunun Azərbaycan millisinə cəlb edilməməsinə də şərh verib. Onun fikrincə, oğlu milli komandamıza kömək edə bilər: "Ozan "Sabah"dan ayrıldıqdan sonra "Telstar"ın baş məşqçisi Andries Yonker onu israrla komandasında görmək istədi. Bu məşqçi 25 il Niderland millisində Lui Van Qaalın köməkçisi olub, "Arsenal", "Mançester Yunayted" kimi klublarda çalışıb. Onun Ozanla bağlı sözləri belə oldu ki, hazırda 55 faiz hazırdı, onu 80 faiz hazır duruma gətirək ki, ondan xeyir ala bilək. Liqanın ikinci yarısında əsl kimliyini ortaya çıxaracağına inandığını bildirmişdi. Bu, yarım sezonluq çalışma ilə alındı. Ozan ikinci periodda liqanın ən yaxşıları arasında oldu və futbolu təkrar sevməsinə şahid olduq. Yəni, bunlar səbirli və ağıllı işlərlə ortaya çıxır. Bəli, oğlum bu sezon ikinci yarıdan sonra çox gözəl oynadı. PSV-yə qarşı elə onlarla eyni səviyyədə performans göstərdi. Sadəcə 83-cü dəqiqədə zədələndi, sonradan 5 həftə komandadan uzaq qaldı. Bu sezonun nəticələrinə görə yüksək liqaya çıxan “Ekselsior”u 4:1 udduqları matçda Ozan möhtəşəm oynadı, 2 assist, 1 qolla yadda qaldı. O, düzgün çalışmalarla haqq etdiyi yerə doğru addımlayır. Ozan Azərbaycan millisinə mütləq şəkildə kömək edə bilər.

Avropada oynayan, yüksək səviyyəli məşqçilərlə çalışan, bütün skautların göz önündə olduğu Niderlandda hər həftə səviyyəli oyunlara çıxan, Azərbaycanı öz ölkəsi kimi qəbul edən Ozanın milliyə dəvət edilməməsinin səbəbini mən də sizdən soruşmaq istəyirəm. Xahiş edirəm ki, siz də bu işlə məşğul olanlardan soruşun. Mili komandalar seçmə mərhələlərdə Avropa, dünya futbolunda çıxış edənlərə qarşı oynayır. Ancaq təəssüf ki, Avropada, özü də Avropanın göz önündə olan Niderland liqasında oynayan dəyərli futbolçu Azərbaycan millisində yer almır və hətta onun adı heç mövzuda yoxdu. Bu, inanılmaz bir şeydi. Sizcə, orada da unutdular? Yoxsa, futbolda başqa hadisələr cərəyan edir? Ya da heç tərzimiz olmasa ada, yuxarıların öyrənməsi üçün bu mövzuları bildirək?".

Mirbağırağa

Xəbər xətti