“17 nömrəli əfsanə” filminə baxanlar yəqin ki, dahi mütəxəssis Anatoli Tarasovun məşqdə SSRİ-nin hokkey yığmasının aparıcı oyunçusu Valeri Xarlamovu qapıya qoyaraq, ondan qapını vətəni kimi qorumasını tələb etməsi və Xarlamovun şaybaları bədəni ilə dəf etdiyi səhnəni xatırlayırlar. Mini-futbol yığmamızın Slovakiyada meydan sahibləri ilə 1/4 final matçının son dəqiqələri sanki həmin səhnəni xatırlatdı. Vüsal İsayev qırmızı vərəqə alıb, azlıqda qalmışıq. Rəqib qapıçını da oyunçu ilə əvəzləyib və 4 oyunçumuz rəqibin 6 meydan oyunçusunun qarşısını almalı, nəyin bahasına olursa-olsun hesabı qorumağa çalışmalıdır. Gərginlik son həddə çatıb, ağız deyəni qulaq eşitmir, olduqca aqressiv davranan slovaklar hər epizoda etiraz etməklə hakimləri təzyiq altında saxlayır. Bizimkilər hamılıqla qapının ağzına yığışıb mühasirəyə alınmış dəstə kimi hücumları dəf etməklə məşğuldu. Adama elə gəlir ki, bu dəqiqə qapmızda qol görəcəyik. Qapıçımız Davud Kərimi başda olmaqla hamı özünü zərbənin altına atır, artıq futboldan çox müharibəyə bənzəyir baş verənlər. Və ardı-arası kəsilməyən hücumlara tab gətirən millimiz nəhayət qələbə qazanır - AZƏRBAYCAN YARIMFİNALDA!
Avropa çempionatına məğlubiyyətlə başlayan millimiz qələbələri sıralamaqla artıq yarımfinala qədər gəlib çıxıb. Hərçənd, Rumıniyaya məğlub olduğumuz oyunda da millimiz pis təsir bağışlamamışdı. Digər tərəfdən rumınların 6 qat Avropa çempionu olmağını da unutmamalıyıq. Buraya qədər İspaniya (5:1), Albaniya (1:0), İsrail (3:0) və Slovakiyanı (1:0) məğlub eləyən millimizi qarşıda Qazaxıstan gözləyir. Qazaxlar 1/4 finalda penaltilər seriyasında Macarıstan yığmasını mübarizədən kənarlaşdırıb. Millimizin heyətində qırmızı vərəqə alaraq cəzalı duruma düşən Vüsal İsayevin yoxluğu ciddi itkidir. Lakin yığmamızın heyətində komandamızı finala daşıyacaq gücdə olan kifayət qədər oyunçu var. Elvin Əlizadə hətta turnirin ən yaxşı oyunçusu seçilmək potensialında olan biridi.
5 ildir ki, fəaliyyətə başlayan Azərbaycan Mini-Futbol Assosiasiyası güclü milli komanda formalaşdırıb. Bütünlüklə yerli oyunçulardan təşkil olunmuş millimiz həm ölkəmizdə, həm də dünyada populyarlaşmaqda olan bu idman növündə tarix yazmağa yaxındı, yığmamız finalın bir addımlığındadı. İrəli, Azərbaycan!
saytlarin hazirlanmasi