"Adi epizodlarda futbolçuların uşaq səhvləri etməsi millimizdə ciddi problemlərin olduğunu göstərir" - MÜSAHİBƏ

10:54 - 10 İyun 2022

Azərbaycan millisi bu gün Millətlər Liqasının üçüncü turunda Slovakiya ilə qarşılaşacaq. Yığma komandamızın veteran futbolçusu Saşa Yunisoğlu Sportal.az saytına müsahibəsində millimizin qrupdakı ilk iki oyununu dəyərləndirib. Bununla yanaşı "Sabah"ın əvəzedici heyətinin məşqçisi A millinin bu gün Slovakiyaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib.

- Azərbaycan millisinin iki turdan sonra aktivində bir xal var. Qazaxıstan və Belarus matçlarını milli üçün necə dəyərləndirərdin?
- Son iki oyunda millimizin göstərdiyi oyun və nəticələr təbii ki, ürəkaçan deyil. Bizimlə eyni səviyyədə olan rəqiblərə qarşı matçlardan sonra qazandığımız bir xal çox zəif nəticədi. Hər iki oyunda 100 faizli qol epizodlarından istifadə olunmaması...Müdafiədə buraxdığımız kobud səhvlər, futbolçuların adi epizodlarda uşaq səhvləri etməsi millimizdə ciddi problemlərin olduğunu göstərir.


- Canni De Byazinin meydana buraxdığı heyət və oyun sxemləri tənqid edilir. Daha hansı fərqli sxemdə oynamaq olar?
Bu haqda çox danışılır. Dəfələrlə demişəm ki, biz kənardan baxırıq və bizə hər şey asan gələ bilər. Çünki biz komandanın içində deyilik. Bilmirik kim hansı formada oyunlara gəlir. Kiminsə yorğunluğu və ya mikrozədəsi ola bilər. Ona görə Canni De Byazinin nəyə görə bu cür start heyətini meydana buraxdığını deyə bilmərik. Amma oyunlar göstərdi ki, bəzi futbolçular heç oyunlara hazır deyildilər. Sistem o qədər də önəmli deyil. Çünki hər sistem hücumda və müdafiədə epizodik olaraq dəyişə bilir. Burada daha çox taktiki gedişlər rol oynayır və hər mövqeyə uyğun oyunçunu meydana buraxmaq lazımdı. Fikrimcə, bu oyunlarda daha çox hücumameyilli sistemlə oynamaq olardı. Standart 4 müdafiəçi ilə oynatsaydı De Byazi komandanı daha yaxşı olardı.

- Məsələn, Slovakiya önünə hansı heyətlə çıxmaq yığmamıza xeyir verə bilər? Slovakiya baş məşqçisini istefaya yolladı. Bu, onlara necə təsir edər mənfi təsir edərmi? 
-
Yenə də heyətlə bağlı ancaq subyektiv fikrimi səsləndirə bilərəm. Məncə, çempionatda daim oynayanlardan ibarət heyət qurmaq lazımdı. Rəsmi oyunlar eksperiment yeri deyil. Çünki hamı komandadan nəticə gözləyir. Nəticə isə çox önəmlidi. Necə deyərlər "oyun yaddan çıxır, yaddaşda isə nəticə qalır". Maraqlısı odur ki, millimiz yaxşı oyun da göstərmir. Epizodik olaraq, 10-15 dəqiqəlik nəsə görünür. Amma oyun 90 dəqiqədən ibarətdi. Slovakiyanın baş məşqçisi dəyişilib. Bu, onlara mənfi təsir etməz, əksinə əlavə motivasiya verə bilər. Buna görə də millimiz üçün iki qat çətin ola bilər.

-  Necə düşünürsən, Azərbaycan millisinin əsas problemi Canni De Byazidi? Hazırki futbolçularla daha uğurlu işlər görmək mümkündü? 
-
3-4 futbolçu istisna olmaqla, demək olar ki, bu dəqiqə Azərbaycanın ən yaxşıları millidədi. hamısı da yaxşı futbolçulardı. Təcrübəlilər də var millidə, perspektivli gənclər də. Məncə, bu futbolçularla uğurlu iş görmək olar ya yox, düzgün sual olmadı. Bu futbolçularla uğurlu iş görülməlidi. Çünki başqa futbolçu yoxdu. Məhz buna görə də adlı-sanlı, təcrübəli baş məşqçi Canni De Byazini Azərbaycana çağırıblar. Alınmırsa, getməlidi. İki ildir görünür ki, alınmır. 

- Özünüz də ampluaca müdafiəçi olmusuz. Millinin hazırki müdafiə xətti hansı durumdadı?
 Millimizin müdafiə xəttində böyük problemlər var. Özümüzdən zəif olan rəqiblərə qarşı müdafiədə səhv edib, onlara qol şansları vermək yolverilməzdi. Bunun da məntiqi izahı var. Birincisi oyunçu seçimidi, ikincisi isə mövqelərə uyğun oyunçu oynatmaqdı. Bəhlul Mustafazadə və Bədavi Hüseynovun oyun praktikası çox azdı. Hüseynov zədədən yeni qayıdıb. Bəhlul isə çempionatda az oynayır. Maksim Medvedev və Azər Salahlı cinah yarımmüdafiəçiləri deyil. Amma oyunlarda onlara hücuma daha çox dəstək olmaları üçün tapşırıq verilmişdi. Bunun üçün isə bizdə Toral Bayramov, Abbas Hüseynov var. Müdafiənin mərkəzində isə Maksim Medvedev, Bəxtiyar Həsənalızadə, Cəlal Hüseynov var. Cinahlarda isə Toral Bayramov, Abbas Hüseynov oynasa daha yaxşı olardı.

Mirbağırağa

Xəbər xətti