Azərbaycanda oynamış slovakiyalı: "Azarkeşlər milliyə inanmır"

12:49 - 10 İyun 2022

"Məncə, bugünkü oyun heç-heçə sona çatacaq. Slovakiyanın qalib gələcəyini düşünmürəm. Çünki komandamız psixoloji cəhətdən yaxşı durumda deyil”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Pavol Farkaş deyib.

Azərbaycan Premyer Liqasında oynamış azsaylı slovakiyalılardan olan Farkaş vaxtilə "Qəbələ"nin formasını geyinib. Təcrübəli futbolçu Millətlər Liqasının üçüncü turu çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya matçı haqda danışıb. Farkaşın fikrincə, millimiz bu oyundan uğurlu nəticə ilə ayrıla biləcək:

“Azərbaycan evdə oynayır deyə, bu, onlar üçün üstünlükdü. Bəlkə də başqa vaxtı belə olmazdı. Sadəcə olaraq, hazırda Slovakiya millisində vəziyyət heç də yaxşı deyil, bir neçə zədəli oyunçu var. Baş məşqçi də postundan ayrıldı. Doğrudu, Slovakiya millisinin keyfiyyəti və səviyyəsi daha yüksəkdi. Fikrimcə, bu gün bərabərlik qeydə alınacaq. Qazaxıstana məğlubiyyətdən sonra azarkeşlər milliyə inanmır. Azərbaycana qarşı matçın necə alınacağını isə oyun göstərəcək”.

37 yaşlı futbolçu “Kyevo”dan ayrıldıqdan sonra, 2014-cü ildə “Qəbələ”yə keçmişdi. Təcrübəli futbolçu Slovakiya millisinin də sabiq üzvüdü.

Xəbər xətti