Millimizin qapıçısı: "Avropa çempionu olub, kuboku Bakıya gətirmək istəyirik"

11:40 - 11 İyun 2022

Slovakiyada keçirilən mini-futbol üzrə Avropa çempionatının finalına yüksələn Azərbaycan millisinin qapıçısı Davud Kərimi Sportal.az saytına açıqlama verib.


Təcrübəli "əlcək sahibi" finala yüksəldiklərinə görə xoşbəxt olduğunu bildirib:

 

"Finala çıxdıq, çox möhtəşəm hisslər yaşayıram. Finalda da qələbə qazanıb futbol ictimaiyyətini, azarkeşləri sevindirmək istəyirik. Çox arzulayırıq ki, Azərbaycan xalqına sevinc bəxş edək. Bura gələndən xalqımız bizə dəstək olur, biz də onları sevindirməyə borcluyuq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik.


Avropa çempionatına gedəndə əsas məqsədimiz qrupdan çıxmaq idi və bunu bacardıq. Ondan sonra sözümüzü bir yerə qoyub nə qədər bacarırıqsa, irəli getmək istədik. Bunun nəticəsində finala kimi irəlilədik. Çox sevincliyik".


Davud Kərimi finaldakı şanslarını da dəyərləndirib. O, çempion olmaq istədiklərini deyib:

 

"Çempionluq sansı 50/50-dir. Rumıniya yaxşı rəqibdir, 6 dəfə Avropa çempionu olublar. Amma biz də onlara təslim olmayacağıq. Allahın köməyi, 10 milyonluq xalqımızın duası ilə Avropa çempionu olub, kuboku Bakıya gətirmək istəyirik". 


Millimizin qapıçısı futbol üzrə Azərbaycan milli komandası haqda danışmaq istəmədiyini bildirib:

 

"Əsas millidən danışmaq istəmirəm. Onların öz yolları var. Milli komandamıza uğurlar arzulayıram. Onlar məğlub olanda biz də məyus oluruq. Çünki, biz də futbolun içində olan adamlarıq. Ümid edirəm ki, əsas milli komandamız da dirçələr və yaxşı nəticələr qazanar".

 

Elçin Əlixan

Xəbər xətti