Baş məşqçi Bəhmən Həsənov Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəssis Azərbaycan milli komandasının çıxışını dəyərləndirib. O, millinin uğursuzluğunda baş məşqçi Canni De Byazini günahlandırıb:
"Əvvəl də demişdim ki, millinin oyununu çox pis dəyərləndirirəm. Həm heyət seçimində, həm oyun planında problemlər var. Baş məşqçi də nə oyun planına, nə də oyunun gedişatına müdaxilə edə bilmir. Yalnız bir məqsədi var, qol və ya qollar buraxmasın. Rəqib təzyiqi artıranda komanda dağılır, mövqe oyununda ciddi problemlər var. Müdafidə çoxluq keyfiyyətli müdafiə anlamına gəlmir. Yəni 10 meydan oyunçusunu cərimə meydançasına yığmaq müdafiə olunmaq demək deyil. Problemlər çoxdur, sadalamaqla bitməz. Dünənki oyunda buna şahid olduq. Mən Elşad Quliyevin mini-futbol komandasının oyununa baxırdım. Əsas milliyə baxıb əsəbiləşməyə dəyməz.
Millinin uğur qazanması üçün balanslı hücum etmək lazımdı. Bütün komandalar bilir ki, bizim müdafiə problemimiz var. Hücumda da effektli oynamırıq. Belə baxanda futbolçular da peşəkardı. Ümid edirəm ki, millimiz Belarusa qalib gələcək. Yetər ki, baş məşqçi müdafiə bloku qura bilsin və komandanı önə çıxartsın. Bunu etsə, mütləq qalib gələcəyik. Beşli müdafiədən dördlüyə keçərsə, daha effektli olar. Ya da heç olmasa, uduzduğu oynlarda geridönüş etmək üçün sistem dəyişsin. Bir çox məşqçilər bunu edirlər. Məcburdurlar, qələbə qazanmalıdırlar. Canni De Byazi isə izləyici kimi oyuna baxır. Köməkçiləri də sanki, oyunda istirahət edirlər. Bir neçə matçdan misal çəkim. Belçika ,İngiltərə və s. komandalar oyuna üçlü müdafiə ilə başlasalar da, matçı qələbə ilə başa vurmaq üçün 4-3-3-sisteminə keçirlər.
Baş məşqçi təcili istefa verməlidir, başqa çıxış yolu yoxdur. Azərbaycanın uğuru üçün məşqçini istefaya göndərmək lazımdır. Hər bir bəhanə qəbuledilməzdir. Bundan əvvəlki də, bundan sonrakı da belə olacaq. Yerli məşqçilərə üstünlük versələr, fikrimcə yaxşı olar. Bu baş məşqçi nə çempionatın mentalitetinə, nə də oyunçuların mentalitetinə uyğundur".
Elçin Əlixan
saytlarin hazirlanmasi