"Komanda qalib gələrsə, hər üç oyunda eyni heyət və eyni sxemlə oynamağı hardasa başa düşmək olar. Amma komanda qalib gələ bilmir və baş məşqçi eyni taktiki sxem, eyni heyətlə oynamağa davam edir. Hamı da görür ki, bu, düzgün seçim deyil. Hər şey göz qabağındadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Vaqif Cavadov deyib.
Gənc mütəxəssis yığma komandamızın uğursuz çıxışını Canni De Byazi ilə əlaqələndirib: "Əlbəttə ki, millimizin uğursuz çıxışını baş məşqçi ilə əlaqələndirirəm. Bu haqda çox danışmışam. Canni De Byazi ilə bizim oyunumuz düz getmir. Heyəti düzgün qurmadıqda, həm futbolçular tənqid olunur, həm də oyun alınmır, həm də millimiz xalsız qalır.
Canni de Byazi haqda elə ən çox danışan mənəm. İlk gündən dediklərimlə indi dediklərim də eynidi. Ola bilər ki, güclü mütəxəssisdi. Ancaq bugünkü gündə Canni De Byazi özünü çox zəif məşqçi kimi göstərir. Baş məşqçinin meydana buraxdığı heyətlə bağlı çox suallar var. Ardıcıl üç oyuna eyni taktiki sxemlə, eyni heyəti buraxması anlaşıla bilməz. Azərbaycanda futbol olub və var. Baş məşqçilər də var, futboli bilənlər də. Canni De Byazi yalnız özünü aldadır. Sabah Belarusla qarşılaşacaq millimiz. İnanıram ki, sabahki oyunda yaxşı oyun olmasa belə, ən azından qələbə qazanaraq azarkeşlərimizi sevindirərlər".