Azərbaycan millisinin keçmiş futbolçusu, yola saldığımız mövsüm "Qaradağ Lökbatan"la çempionluq yaşamış Elnur Cəfərov Sportal.az saytına müsahibə verib.
- Son mövsümü "Qaradağ Lökbatan"da keçirdin və çempionluq yaşadın. Sezon sənin üçün necə alındı?
- Bu mövsüm fikrimiz-zikrimiz çempionluq idi. Hədəfimizə çatdıq. Doğrudu, əziyyətli oldu, hər kəs dən çox biz əziyyət çəkdik. Buna əminəm. Amma əziyyətimizin bəhrəsini də gördük. Mənim də oyun praktikam artdı, yavaş-yavaş əvvəlki formamı bərpa etdim, özümə gəldim. Bu mövsüm əvvəlki formamı bərpa etməyimdə çox kömək oldu.
- Premyer Liqaya "Kəpəz" və "Turan Tovuz" buraxıldı. Yəqin ki, sən də çempion olan komandanın heyətində yüksək liqada oynamaq istəyirdin? Bəs, "Kəpəz" və ya "Turan Tovuz"un heyətində necə, yüksək liqaya qayıtmağı heç düşünmüsən?
- Əlbəttə, "Qaradağ Lökbatan"la Premyer Liqada çıxış etməyimizi istəyərdim. Çünki çox gözəl kollektivimiz var idi. İki-üç yeni transferlərlə də Premyer Liqada özümüzü göstərməyi istəyərdim. Ancaq qismət olmadı. "Kəpəz", "Turan Tovuz" Premyer Liqaya buraxıldı. Ümidvaram ki, onlardan təkliflər olar. Dəyərləndirib özümü yaxşı tərəfdən göstəməyə hazıram. Yəni, düşünmüşəm bu haqda. Allah qoysa, düşündüklərim baş verər.
- Ümumiyyətlə, bu iki klubdan və ya digər klublardan sənə təklif gəlib? Gəlməyibsə, səncə, nəyə görə gəlməyib? Klubların inamı azalıb sənə, yoxsa başqa məsələlər var?
- Ümid edirəm ki, hər şey yolunda gedəcək. Təkliflər gələr və sizə də şad xəbəri verərəm. Hələ ki, inanaraq gözləyirəm. Ümidvaram ki, təkliflərim olacaq. Çünki Premyer Liqaya qayıtmağı çox istəyirəm. Özü də bunu bütün ürəyimlə istəyirəm. Öz gücümü göstərmək niyyətindəyəm. İnanıram ki, bu, baş verəcək.
- Bir müddətdir ki, Azərbaycan Premyer Liqasında oynamırsan. Kənardan Premyer Liqa necə görünür? Sən oynadığın illərlə indikini müqayisə edəndə, hansı fərqlər ortaya çıxır?
- Mən oynadığım vaxtı Premyer Liqanın gözəl vaxtları idi, bölgə komandalar çıxış edirdi liqada. İndi Premyer Liqa yenidən canlanır, bölgə klubları yüksək liqaya qayıdır. İnanıram ki, mən də qayıdacam yüksək liqaya, oynayacam.
- Yeni mövsüm üçün Premyer Liqadan təklif gəlməsə, yenidən birinci divizionda oynayacaqsan? Ölkə xaricinə yollanmaq ehtimalın var?
- Ən pis ehtiyat kimi karyeramı birinci divizionda davam etdirməyimdi. Hədəfimə çatmayana qədər futbolla vidalaşmayacam. Hədəfimdə Premyer Liqaya qayıdıb, orada oynamaqdı. Daha da yaxşı hədəflərim var. Zamanla hər şey bilinər. Ölkə xaricində oynamaq ehtimalı həmişə olub. Amma öncəlik Premyer Liqamızda oynamaq, göz qabağında olmaqdı. Əlimdən gələni edəcəm. Formamı bərpa etdikdən sonra ölkə xaricinə yollanaraq, Azərbaycanı təmsil etmək istəyərəm.
- Azərbaycan millisinin çıxışını yəqin ki, izləyirsən. Millinin hazırki çıxışı barədə fikrin necədi?
- Mən futbolçuyam və futbolçu kimi hansısa fikir bildirməyim doğru olmazdı. Özüm də millidə oynamışam, rəsmi matça çıxmışam, atmosferdən xəbərdaram. Milli komandaya dəvət olunanlar hamısı buna layiqdi. Futbol elədir ki, uduzmaq da var, pis oynamaq da, şanssızlıq da. Bunlar normal haldı. Mən nəsə fikir bildirmərəm. Futbolçuların işi odur ki, maksimumu edib milliyə dəvət edilsinlər. Ondan sonra da milli üçün çalışmaq lazımdı. Millimizə ancaq uğurlar arzu edirəm.
- Azərbaycan millisində oynamağa özünü hazır hesab edirsən? Səncə, milliyə qayıdışın baş tutacaq?
- Premyer Liqaya geri dönsəm, milli komandaya da dəvət alacağıma inanıram. Buna əminəm. Allah qoysa, hamısı baş verər.