Bəhmən Həsənov: "Millimiz zəif deyil, idarəçilik zəifdi"

12:02 - 14 İyun 2022

Futbol mütəxəssisi Bəhmən Həsənov Sportal.az saytına açıqlama verib.


O, Azərbaycan milli komandasının Belarusu 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı dəyərləndirib:

 

"Demişdim ki, baş məşqçi dördlü müdafiəyə keçməsə, qalib gələ bilməyəcək. Deyəsən bizi eşidib. Belaruslular da çox zəif təsir bağışlayırdı. Əslində bizim zəif yerimiz orta xəttimiz idi. Bu sistemlə nə Riçard Almeyda, nə Emin Mahmudov, nə də Eddi İsrafiov oynaya bilər. Bu sistemə daha dinamik oyunçular lazımdı. Renat Dadaşovu daha öncə dəyişməli idi. Bir də Emini dəyişib, dinamikliyi artırmaq lazım idi. Azər Salahlı və Abbas Hüseynovun əvəzlənməsi doğru idi.

 

Baş məşqçinin əlində yaxşı materialları var. Təssüf ki, düzgün oynada bilmir. Canni De Byazi birinci dəfə idi ki, 70 faiz oyuna düzgün müdaxilə etdi. Azəri Krivatsyukla dəyişdi, bu, vaxtında edilmiş dəyişiklik idi. Bir mərkəz müdafiəçisini oyundan çıxarıb yerinə hücumameyilli oyunçu buraxdı meydana. Ancaq yenə də qollar əks-hücumlardan vuruldu. Mövqe hücumu qurmaqda çox çətinlik çəkirik, komandada intizamlı struktur yoxdu. Ancaq millimiz zəif deyil, idarəçilik zəifdi.

 

İndi qələbəyə görə sevinirik, bu, çox gözəldi. Amma bu qələbə bizə birinci yeri qazandırmayacaq. Qazaxıstanı məğlub edəcəyik. Çünki, onlarda temp aşağıdı, topla davranışları zəifdi və mövqe hücumunda çətinlik çəkirlər. Onlar bizə ancaq əks-hücumda qalib gələ bilərlər. Bunun qarşısını almaq elə də çətin deyil. Slovakiya ilə oyunda isə şansımız çox azdı. Çünki, onlar da bizə bələddi.

 

Müdafiə problemlərimiz var, dünən də gördük. Belarus istifadə edə bilmədi. Onlar zatən məğlub ruhunda gəlmişdilər. Məşqçilərinin verdiyi müsahibə onların uduzacaqlarından xəbər verirdi.

 

Futbolçuları və zəhməti olan hər kəsi qələbə münasibətilə təbrik edirəm. Həmçinin mini-futbol millimizin Avropa çempionu olması münasibətilə məşqçi korpusunu və futbolçuları ürəkdən təbrik edirəm. Düşünürəm ki, bu, bizim futbolda bir inqilab olacaq, futbolumuz yeni eraya qədəm qoyacaq. Elşad Quliyev öz komandası ilə sübut etdi ki, Azərbaycanda futbol olub, var və olacaqdır".

Xəbər xətti