21 yaşlılardan ibarət yığma komandamızın üzvü Asim Əlizadə bu gün yığmamızın Norveçə qarşı keçirəcəyi matçla bağlı Sportal.az saytına danışıb.
- Komanda Finlandiyadakı oyundan sonra Norveçə yollandı. Az müddət deyil ki, oradasınız. Bunun sizin üçün xeyri olacaq bunun?
- Bəli, iyunun 8-dən Norveçdəyik. Bura tez gəlməyimiz bizim üçün yaxşıdır. Həm havaya, həm də atmosferə uyğunlaşmağımız sarıdan belədi. Adaptasiyaya hər zaman çox zaman lazım gəlir. Bu mənada, Norveçə tez gəlməyimiz bizim üçün yaxşıdı.
- Finlandiya məğlubiyyətindən sonra komanda özünə gələ bilib?
- Məğlubiyyətdən sonra özümüzə gəlmişik. Komandada ab-hava yaxşıdı. Hər şey yüksək səviyyədə irəliləyir. Məğlubiyyəti yaddan çıxarmışıq. Özümüzə inam yüksək səviyyədədi. Bugünkü oyuna tam hazırıq.
- Norveçlə oyundan gözləntiniz nədir?
- Norveç matçında qalib gəlmək istəyirik. Meydana da ancaq bunun üçün çıxacağıq. Maksimumu etməyə çalışacağıq.
- Bakıda 1:2 hesabı ilə uduzduğunuz oyunu necə xatırlayırsan?
- Fikrimcə, Bakıdakı oyunda Norveçdən üstün oynamışdıq. Hətta son dəqiqələrdə lehimizə penalti verilə bilərdi. Lakin hakim səhvi oldu və penaltimiz verilmədi. Bu gün hər şeyin daha yaxşı olacağına inanıram.
- Səncə, komandanın maksimumu indiyə qədər topladığı xallardı, yoxsa daha artığını etmək mümkün idi?
- Əlbəttə ki, maksimumuz bu deyildi. Bundan da yaxşı nəticələr qazana bilərdik. Sadəcə bəzən bəxtsizlik, bəzən hakim səhvləri öz rolunu oynadı. Daha yaxşı olacağına inanıram. Bu gün də qələbə qazanacağıq.