"İlk növbədə bu problemləri aradan qaldırmaq lazımdı" - MÜSAHİBƏ

10:39 - 15 İyun 2022

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib. 

- Öncə Qəbələdə hazırlaşacaqsınız, daha sonra Türkiyəyə yollanacaqsınız. Maraqlıdı, Türkiyəyə yollanmağınızda hər hansı problem yaranmayacaqdıki? Maliyyə məsələlərində hər hansı çətinlik olmadıki?
İlkin mərhələni Qəbələdə keçirəcəyik. İki həftəlik toplanışdan sonra Türkiyəyə yollanacağıq. Toplanışımıza orada davam edəcəyik. Yeni sezona hazırlıq planımız belədi, ümidvaram ki, hər şey yaxşı alınacaq. Hər şey də qaydasındadı

- Yəqin ki, avrokuboklarda uğurlu çıxış etmək üçün güclənməli olduğunuzu özünüz də yaxşı bilirsiz. Yeni neçə futbolçunun gəlişi gözlənilir?
- Müəyyən zonalar var ki, orada güclənməyimiz vacibdi. Bunun üçün axtarışlarımız davam edir. Görək də necə edirik. İzlədiklərimiz oyunçular var.

- Konfrans Liqasındakı əsas məqsəd nədən ibarət olacaq? Ölkəmizə daha yaxın bölgələrdən olan komandalarla düşəcəyiniz təqdirdə mərhələlər barədə fikirləşə bilərsiz? Rəhbərlik bu barədə hər hansı məqsəd qoyub qarşısınıza?
-
Bu dəqiqə əsas məqsədimiz komandanı tez bir zamanda komplektləşdirməkdi. Çünki bu, çox vacib məqamdı. Yəni, ilk növbədə bu problemləri aradan qaldırmaq lazımdı.

- Potensial rəqibləriniz arasında APOEL, "Başakşəhər", "Aris", “Fehervar”, “Radniçki” klubları var. Yəqin ki, daha çox adları sona yaxın olan rəqiblərdən biri ilə düşməyinizi istəyərdiniz?
Potensial rəqiblərimiz arasında adlı-sanlı komandalar var. Püşk atıldıqdan sonra bu barədə ətraflı danışmaq olar. Gözləyirik püşkatmanı. Püşkatmadan sonra danışmaq olar.

- Səlahət Ağayevin komandaya yeni qoşulduğunu nəzərə almasaq, "Qəbələ"dən A milliyə heç kəs dəvət edilmədi. Hazırlığınıza tam kollektivlə başlamağınız üçün bunu müsbət hesab edirsiz? Hər halda digər “Qarabağ” və “Neftçi” millidə çox futbolçu ilə təmsil olunduğuna görə hazırlığa tam kollektivlə başlaya bilmirlər...
Əsas millidə oyunçularımız olmasa da, U-21 yığmamızda iki futbolçumuz var. Ancaq istənilən halda düşünürəm ki, bu, bizim hazırlığımıza təsir etməz.

- Ümumiyyətlə, ötən mövsüm çempionatda dördüncü yeri tutan komandadan milli komandaya heç kimin cəlb edilməməsini nə ilə əlaqələndirirsiniz? "Qəbələ"də Canni De Byazinin oyun stilinə uyğun gələn heç kim yoxdu?
- Heyətimizdə Azərbaycan millisinə dəvət oluna biləcək futbolçular var. Onlara daha çox çalışıb, millidən gələcək həmin dəvəti gözləməklərini tövsiyyə edərdim. Yaxşı komandamız, yaxşı futbolçularımız var. 

Xəbər xətti