"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib. Bölgə klubunun aparıcı futbolçusu komandasının Avropa Konfrans Liqasındakı şanslarından danışıb.
- Hazırlığınız dünən Qəbələdə start götürüb. Futbol üçün darıxmışdın, yoxsa heç istədiyin kimi istirahət edə bilmədin?
- Dünən komanda ilk məşqinə çıxdı. Hər şey qaydasındadı. Həm məşqlər, həm də oyunlar üçün darıxmışıq. İnanın, istirahət 5-6 gün bəs edir. Daha sonra məşqlər və oyunlar üçün çox darıxmağa başlayırsan.
- Konfrans Liqasının püşkatmasında bəxtinizə "Fehervar" düşdü. Səncə, daha güclü rəqib düşə bilərdi, yoxsa bəxtiniz gətirdi?
- Yaxşı rəqiblə üzləşdik. Bizim qarşımızda duran vəsiqə yaxşı hazırlıq keçib, "Fehervar"la matçlara da yaxşı hazırlaşıb mərhələ keçək. Bunun üçün əlimizdən gələni edəcəyik.
- "Fehervar" haqda məlumatın var idi? Dünəndən bu yana onlar barədə internetdə axtarış vermisən?
- "Fehervar" haqda məlumatım yoxdu. Məşqçilərimiz bizə lazımı bilgiləri hazırlığın gedişində bizə verəcək. Biz də ona uyğun hazırlaşacağıq matça.
- "Qəbələ"nin "Fehervar"ı keçmək ehtimalı nə qədərdi? Səncə, bunu bacara biləcəksiz?
- Həmişə olduğu kimi hər oyuna yaxşı nəticə və gözəl oyun göstərmək üçün çıxırıq. "Fehervar"la görüşlərə də eyni istəklə hazırlaşıb, meydanda eyni istəklə mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, Macarıstan klubu ilə oyunlarda nəticə əldə edə bilək.
- Ötən mövsüm "Qəbələ"nin aparıcı üzvünə çevrilə bilmişdin. Maraqlıdı, bu mövsüm qarşına qoyduğun hədəf hansıdı? Yəqin ki, milli komandaya qədər yüksəlməkdi?
- Hər oyunda, hər məşqdə daha da üstünə qoyaraq yüksəlmək istəyirəm. Yeni mövsümdə də həm özüm, həm də klubum üçün ən yaxşısını etməyə çalışacam. Mənim üçün hər məşq, hər oyun çox önəmlidi. Əsas odur ki, zədəsiz il olsun. Ötənilkindən də yaxşı mübarizə aparacam.