"Orxan Məmmədovun "Zirə"nin uğurlu çıxışı üçün lazım olan addımları atacağına inanıram" - MÜSAHİBƏ

21:50 - 16 İyun 2022

Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. 

"Zirə"nin sabiq baş məşqçisi ölkəmizi avrokuboklarda təmsil edəcək klubların şansları haqda danışıb. 

- Vaxtilə baş məşqçisi olduğunuz "Zirə" Konfrans Liqasında "Makkabi" (Tel Əviv) ilə qarşılaşacaq. Təmsilçimiz üçün püşkatmanı necə dəyərləndirirsiniz? "Zirə" nin "Makkabi"ni keçmək ehtimalı nə qədərdi?
- Bütün komandalarımıza avrokuboklarda uğurlar arzulayıram. "Makkabi" yetərincə ciddi komandadı. Nəzərə alaq ki, bu komanda Azərbaycana əvvəlki səfərlərindən özlərinə sərfəli nəticə ilə geri dönüblər. Bu komandanın Çempionlar Liqasının, həm də Avropa Liqasının qrup mərhələsi təcrübəsi var. Bir neçə dəfə bu mötəbər turnirdə çıxış ediblər. "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun qurduğu komandanın ilk günlərdən iddialı olduğunu hər birimiz görmüşük. Bu rəqibə qarşı, ümumiyyətlə, "Zirə"nin uğurlu çıxışı üçün də lazım olan addımları atacağına inanıram. "Makkabi"yə qarşı oyunların əsas hazırlığı isə məşqçi heyətinin üzərinə düşəcək ki, rəqibin güclü və zəif tərəflərini aydınlaşdırıb komandanı hazırlasınlar. Bunun üçün yetərincə zamanları da var.

- "Makkabi"ni "Qarabağ"la oyunlardan da xatırlamaq mümkündü. Vaxtilə "Xəzər Lənkəran" səddini də keçə bilmişdilər. Bu oyunlarda "Zirə"yə nə kömək ola bilər?
- Fikrimcə, bu gününü "Makkabi"si biz gördüyümüz komanda ilə eyni olmayacaq. Həmin illərdən bu yana İsrail klubunda da çox dəyişikliklərin olduğunu fikirləşirəm.

- Komandanın əsas qol silahı sayılan Davit Volkovun gedişi "Zirə"yə təsir edəcək?
-
Təbii ki, bombardirin və kapitan olan Ağabala Ramazanovun da komandanı tərk etməsi təsirsiz ötüşməyəcək. Doğrudu, gedənlərin əvəzinə komandaya transferlər olunacaq. Amma bombardirin və kapitanın əvəzlənəcəyini düşünsək, gərək ki, gələcək futbolçunun ustalıq səviyyəsi də daha yüksək olsun.

- Konfrans Liqasındakı digər təmsilçimiz olan "Neftçi"nin bəxtinə isə "Aris" (Limassol) düşüb. Hələ ki, "Neftçi"nin baş məşqçisinin adına aydınlıq gəlməyib. Gedəcək və gələcək futbolçular da bilinmir. Sizcə, "ağ-qaralar" "Aris" səddini keçə biləcək? 
- "Neftçi"nin durumu bir qədər fərqlidi. Komandanın bu vaxta qədər məqşçi ilə bağlı qərarlaşmaması komandadakı futbolçulardan tələblərin də nə olacağına təsirsiz ötüşməyəcək. Hazırda kollektivdə ustalıq səviyyəsi yetərincə yüksək olan futbolçular da var. "Neftçi"yə uyğun məşqçi təyinatından sonra bir neçə futbolçu da komandaya cəlb edilərsə, "Aris" səddi rahatlıqla keçilə bilər.

- "Qəbələ"nin rəqibi isə Macarıstanın "Fehervar" klubudu. Elmar Baxşıyevin rəhbərlik etdiyi hazırki kollektiv "Fehervar"ı turnirdən uzaqlaşdırmağa qadirdi? 
​-
"Qəbələ" Premyer Liqada əksər oyunlarını sürətli hücumlar üzərində quran komanda idi. Səhv etmirəmsə, heyətini də qoruyub-saxlaya bildilər. Macarlar isə daha çox standart vəziyyətlərdən, yəni hava toplarında üstün olan komandadı. Mərhələni adlamaq məsələsinə gəlincə, mümkünsüz heç bir iş yoxdu. Bütün komandalarımıza uğurlar arzulayıram.

Xəbər xətti