"Sabah"a məxsusam, klubun icazəsi olmadan heç yerə gedə bilməzdim" - MÜSAHİBƏ

12:23 - 18 İyun 2022

Ötən mövsümü icarə əsasında "Qəbələ"də keçirmiş Nicat Mehbalıyev Sportal.az saytına müsahibə verib. Gənc qolkiperin eyni mövsümə müqavilə ilə məxsus olduğu "Sabah"da başlayacağı iddia edilir. Saytımıza müsahibə verən Mehbalıyev karyerasına harada davam edəcəyindən də söhbət açıb.

- Başa çatan mövsümü "Qəbələ" də keçirdin və karyeran da yaxşı alındı. Son oyunlarda isə çox da oynamaq şansı tapmadın. Daha doğrusu stabil dayanmadın start heyətində. Bununla bağlı və ümumilikdə "Qəbələ"dəki karyeranla bağlı fikrin necədi?
Bildiyiniz kimi, keçən il "Sabah"dan "Qəbələ"yə icarəyə yollanmışdım. Çempionatın 26 oyununda və kubokda da iki oyunda oynamaq şansı qazandım. Son oyunlarda isə xəstələnmişdim. Buna görə də "Qarabağ"a qarşı çempionat və kubok oyununu buraxmalı olmuşdum. Sağaldım və qayıtdım, oynadım. Son görüşdəki "Sabah" oyununa gəldikdə, avrokuboklara vəsiqə təmin olunmuşdu deyə, baş məşqçi Kristof Atanqanaya şans verdi. Ümumilikdə isə "Qəbələ"də hər şey ürəyimcə idi, hər şey yüksək səviyyədə alındı. Fürsətdən istifadə edərək rəhbərliyə, baş məşqçiyə təşəkkürümü bildirirəm. "Qəbələ"yə bundan sonrakı oyunlarda da uğurlar arzu edirəm.

- Maraqlıdı, nəyə görə "Qəbələ" də qalası olmadın? Klub səni istəmədi, yoxsa "Sabah" buraxmadı?
Çempionat bitəndən sonra "Qəbələ" ilə danışıqlar oldu. Ki, icarə müddətim davam etsin, qalım orada. Amma bu, rəhbərliklər arasında olan məsələdi. Məndən asılı olan bir şey deyildi. Mən "Sabah"a məxsusam. Bu klubun icazəsi olmadan heç yerə gedə bilməzdim. Danışıqlar oldu, amma detallarına qədər bilmirəm. Menecerim daha yaxşı bilər. Sadəcə olaraq, görünən budur ki, razılaşma olmadı.

- Hazırda adın bir neçə klubla hallanır. Özün qərar vermisən yeni mövsümə harada başlayacağına?
- Adımın bir neçə klubla hallanmasından xəbərim yoxdu. Yeni mövsümə hansı klubda başlayacağıma isə yaxın günlərdə aydınlıq gələcək. İndidən bir söz deyə bilmərəm. 

- Səncə, "Sabah" da qalası olsan, əsas heyətə düşmək ehtimalın olacaq? Əsas heyət uğrunda rəqabət apara bilərsən?
-
Futboldur da. Şanslar həmişə eynidi. Futbolda əsas olan rəqabətdi. Kim daha güclüdürsə, o da oynayacaq. Oynamayacağım təqdirdə də, bu, baş məşqçinin qərarı olacaq. Qərara da hörmətlə yanaşacam. Bizim də məqsədimiz daha çox işləyib, inkişaf edib əsas heyətə düşmək olacaq.

- "Qəbələ" avrokuboklarda mübarizə aparacaq, Konfrans Liqasında. Yəqin ki, sən də bu komandanın heyətində avrokuboklarda oynamaq istəyirdin?
Hər bir futbolçu Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq istəyər. Amma bu, mənə hələ ki, qismət olmadı. Nə deyim, bu günümüzə şükür olsun. İrəliyə baxmaq lazımdı.

- U-21 yığmamızın son oyunlarında qapıda Əkpər Əliyev var idi. Milan Obradoviç sənə etibar etmirdi, yoxsa başqa məsələ var idi ortada?
-
Doğrudu, son oyunlarda qapıda Əkpər Vəliyev dayandı. Oyunları da yaxşı formada keçirdi. Etibar söhbəti deyildi, sadəcə Bakıdakı hazırlıqlarda zədə almışdım. Çoxdandır ki, komandanın üzvüyəm deyə, baş məşqçi Bakıda qalmağımı istəmədi, komandanın yanında olmağımı istədi. Mən də yığma ilə birlikdə getdim səfər oyunlarına. Zədə səbəbindən məşq və oyunlarda iştirak etmədim. Başqa səbəb yoxdu.

- "Sabah"ın iddialı heyətə sahib olmaq üçün transfer məsələlərinə erkən başlayıb, hətta komandanın çempionluğa oynayacağı iddia edilir. Səncə, bu baş verəcək? 
Mətbuatı çox da izləmirəm. Sadəcə gördüyüm odur ki, Namiq Ələsgərov və Davit Volkovla razılıq əldə olunub. Niyə də olmasın? Hər kəs böyük pullar xərcləyir, əziyyət çəkir ki, çempion olsun, avrokuboklara vəsiqə qazansın. Allah qoysa, "Sabah" da buna nail olacaq. 

- "Qəbələ"də daha çox oynadın. Ola bilər ki, yeni mövsüm əsas istəyin A milliyə davamlı dəvət edilməyin olacaq?
- Yer aldığım yerdə daimi oynasam, stabil olaraq oyunlara çıxsam və özümü yaxşı formada göstərsəm, dəvət olar. Dəvət gəlməsə belə, ürəyimiz millimizin yanındadı. Allah qoysa, millimizi daha yüksəklərdə görərik.


Mirbağırağa Cəfərli

Xəbər xətti