"Kəpəz"in geri qaytardığı sabiq kapitanı Tural Axundov Sportal.az saytına müsahibə verib.
- "Kəpəz"ə geri qayıtdın. Bu klubdan savayı başqa təkliflər var idi? Niyə məhz "Kəpəz"i seçdin?
- "Kəpəz"ə qayıtdığıma görə sevincliyəm. Yarıda qalan missiyamı davam etməyə gəlmişəm. Çünki Gəncə şəhəri həm gözəldi, həm də klubun çılğın azarkeşləri var. Onlar sona qədər dəstək verirlər komandaya. Hər oyunçunun arxasında dayanırlar. Onlara öz təşəkkürlərimi bildirirəm. Bəli, təkliflərim var idi başqa klublardan. Sadəcə olaraq, "Kəpəz" mənə doğma olduğu üçün bu klubda yenidən oynamaq istədim. Buna görə də çox xoşbəxtəm. Özüm də "Kəpəz"də yenidən oynamağı çox istəyirdim. Ona görədə gələn təklifi dəyərləndirdim.
- "Kəpəz"in kapitanı olduğun vaxtları necə xatırlayırsan?
- Gözəl kollektivimiz var idi. Hər bir futbolçu da bir-birinə hörmətlə yanaşırdı. Ona görə də həmişə nəticəmiz olurdu.
- Düşünmək olar ki, yenidən kapitanlıq sarğısı sənə veriləcək?
- Kapitanlığı komanda içində verirlər. Həm məşqdə, həm meydanda lider olmalısan. Bilmirəm necə olacaq. Hər şey baş məşqçidən asılıdı. Nə qərar verilərsə, hörmətlə yanaşacam.
- Səncə, "Kəpəz" yeni mövsüm nə edə biləcək, hansı yerlər uğrunda oynamağa qadirdi?
- "Kəpəz" Premyer Liqada sözünü demiş, köklü klubdu. Hər bir komanda turnir cədvəlində yuxarı pillələrdə olmağı istəyər. Çalışacağıq ki, yuxarı pillələrdə yer alaq.
- Şahin Diniyevin vaxtında komanda avrokuboklara vəsiqə qazanmışdı, hətta "Daçiya" səddini də keçmişdiniz. Səncə, qarşıdakı mövsümdə də komanda belə uğura imza atmağa qadirdi?
- Bəli, düzdü. Həmin vaxtları da yaxşı xatırlayıram. Yaxşı oyunlar oynamışdıq. Yenidən avrokuboklarda oynayıb, mərhələ adlamaq istəyərik. Hər şey özümüzdən asılıdı. Mövsüm başlasın, hər oyunda sona qədər vuruşacağıq.
- Yeni mövsümdən daha yaxşı çempionatın keçiriləcəyi ehtimal edilir. Yəqin ki, daha çox "Kəpəz" - "Turan Tovuz" derbisini maraqla gözləyənlər var...
- Klub sayı nə qədər çox olsa, o qədər qızğın oyunlar gedər. Hər iki klub Premyer Liqaya yüksəlib, həm də başqa klublar üçün də həyəcanlı olacaq. "Turan Tovuz"a da uğurlar arzu edirəm. Bilmirəm necə olacaq, amma maraqlı oyun olacağı gözlənilir. Mənim üçün də çox həyəcanlıdı. Azarkeşlər də bu derbini maraqla gözləyir.