"Qurban Qurbanovun yaratdığı sistem işləsə, "Lex"lə matçlarda da uğur olacaq" - MÜSAHİBƏ

14:36 - 21 İyun 2022

2010-2019-cu illər arasında "Qarabağ"da oynamış Ansi Aqolli Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın 2021/2022 mövsümünü çempion kimi başa vurması yəqin ki, sənin üçün gözlənilməz olmadı...
- Bəli, “Qarabağ” mövsümü çempion kimi bitirdi. Onlar oyundan-oyuna daha yaxşı çıxış edir. Heyətdə yeni futbolçular var, amma sistem eynidi. Komanda yaxşı oyun göstərir və nəticə də göz önündədi. “Qarabağ”ın çempionluğu gözlənilməz deyildi.

- Komanda Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Lex"lə qarşılaşacaq. Demək olar ki, potensial rəqiblər arasında ən çətini "Qarabağ"ın bəxtinə düşdü?
- “Lex” son illərdə adından söz etdirməyi bacarır. Yaxşı təşkil olunmuş və asan olmayan komandadı. Çempionatda özlərini yaxşı tərəfdən göstərərək çempion olublar. “Qarabağ”la “Lex” arasındakı matç maraqlı olacaq. “Qarabağ” başa çatan mövsümdə Konfrans Liqasında çox yaxşı çıxış etdi. Bu baxımdan da demək olar ki, maraqlı oyunlar bizi gözləyir.

- “Qarabağ”ın “Lex” səddini keçmək ehtimalını necə dəyərləndirirsən?
- “Qarabağ” yaxşı pressinq edib, yüksək tempdə oynayan komandadı. Onların sistemi var və uğuru bu sistemlə qazana bilərlər. Əgər Qurban Qurbanovun yaratdığı sistem "Lex"ə qarşı hər iki matçda işləsə, uğur olacaq, komanda növbəti mərhələyə adlayacaq.

- Ağdam klubu bundan əvvəl Polşa klubları ilə qarşılaşıb. “Pyast” və “Visla”ya qarşı matçlarda sən də iştirak etmisən. Həmin oyunları necə xatırlayırsan?
- Düzdü, əvvəllər biz “Visla” və “Pyast” kimi komandalara qarşı oynamışıq. Bu matçlar Avropa Liqasına təsadüf edib. Ümumiyyətlə, Polşada komandalar hər zaman yaxşı təşkil olunmuş vəziyyətdədi. Onların öz sistemləri olur, standart vəziyyətləri çox təhlükəlidi. Fikrimcə, “Lex”lə oyunda üstünlük “Qarabağ”ın tərəfindədi. Hər il fərqlilik gəlir, Çempionlar Liqasının səviyyəsi getdikcə yüksəlir. Hər oyunda 100 faiz gücünü ortaya qoymalı, meydanın hər qarışı üçün vuruşmalısan.

- "Lex" səddi keçilərsə, ikinci mərhələdəki rəqib “Sürix”di. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə gedən yolu çətin görünür?
- Bu il Çempionlar Liqası ötənilkindən daha güclüdü. Mərhələ keçdikcə daha güclü və çox ciddi rəqiblərlə qarşılaşırsan, yüksək keyfiyyətli oyunçularla üz-üzə gəlirsən. “Qarabağ” “Lex”i keçərsə, daha güclü “Sürix”lə üz-üzə gələcək. Onlar da güclü heyətə və yaxşı keyfiyyətə malik komandadı. Çempionlar Liqasının çətinliyi buradan görünür. "Qarabağ"a uğurlar arzu edirəm.

Mirbağırağa

Xəbər xətti