Tahir Süleymanov: "Stuxlik dövlətin, xalqın pulu ilə mavi Bakı gecələrinin təsiri altından çıxa bilmir" - MÜSAHİBƏ

15:19 - 24 İyun 2022

“Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Sportal.az saytına müsahibə verib:

 

- Frits Stuxlikin AFFA Hakimlər Komitəsi sədrliyindən getməsinə münasibətiniz necədir?

- Gəlməsinə münasibətim necə idisə, getməsinə də eynidir. Əgər uğurlu nəticə istənilirsə, hər bir sahədə qərar verməzdən öncə analitik qabiliyyətin, geniş təhlillərin aparılması mütləqdir. 2018-ci ildə AFFA Icraiyyə Komitəsinin qərarı ilə qurumda təmsil olunmağım israrla istənilmişdi, hətta qərar verilmişdi. Federasiya rəhbərliyinin və Stuxlikin iştirakı ilə keçirilən geniş tərkibli toplantıda fikirlərimi əsaslandıraraq, bu günləri görərək təyinatdan imtina etdim. AFFA tərəfindən atılmış yanlış qərar idi və ən azından avstriyalının ilk müqaviləsi bitən kimi göndərilməli idi. Xüsusi sevgidən müddətini uzadaraq 4 ilə çatdırdılar. Qazananlar qazandı, itirən yenə də hakimliklə yanaşı Azərbaycan futbolu oldu.

 

- Avstriyalı funksioner 4 il Azərbaycanda Həkimlər Komitəsinin sədri vəzifəsində çalışdı. Onun fəaliyyətini necə dəyərləndirirsiz? Futbolumuza, hakimliyə təsiri necə oldu?

- Ölkə futboluna, hakiliyinə ciddi, istənilən xeyir verilmədi. Təlim-məşq toplanışları keçirilmədi, daxili intriqalar pik həddə çatdı, təcrübəli hakimlər sıradan çıxarıldı, təbii nəsil dəyişməsi təmin edilmədi. Uşaq futbolunda və aşağı liqalarda hakim və inspektorlarla bağlı yanlış addımlar atıldı. Stuxlikin dilimizə, ölkə futbol ictimaiyyətinə qarşı saymamazlığı, epizodların şərhlərində obyektivlikdən uzaq tərəfkeşlik, birtərəflik, federasiya tərəfindən avstriyalının piarının təşkili və Azərbaycan futboluna, hakimliyinə "yeniliklərin" gətirilməsi baş verdi. Hələ 2006-cı ildən "Sabahın ulduzları" yarışlarında protokolların elektronlaşdırılmasının 2019-cu ildə (!) Premyer Liqada tətbiqi Stuxlikin "uğuru" sayıldı. Yeganə müsbət məqam, inspektorların FİFA, UEFA tələblərinə uyğun tənzimlənməsi və elit hakimlərə aylıq maaşların ödənilməsi oldu. Yeni mövsümdə VAR sistemi isə artıq avstriyalısız tam olaraq həyata keçiriləcək. F.Stuxlik mətbuata açıqlamasında  Azərbaycanda yaxşı vaxt keçirdiyini, heç vaxt unutmayacağını bildirir. Dövlətin, xalqın pulu ilə mavi Bakı gecələrinin təsiri altından çıxa bilmir, peşəkar fəaliyyətindən çox, "yaxşı vaxt"dan danışır. 4 ildə verdiyini verdi və getdi. 

 

- Hazırda Azərbaycan hakimiyinin durumu sizi qane edir?

- Azərbaycan hakimliyində nə qədər problemlər olsa da, dünya miqyasında sayılıb-seçilən məktəblərdən biridir. Olimpiya və dünya çempionatı finallarında hakimliyi ilə çox az ölkə öyünə bilər. Ölkə futbolunda hər 3-5 ildən bir istedadlar üzə çıxır. Əsas onları itirməmək, yetişdirmək, hakimliklə yanaşı şəxsiyyət kimi formalaşdırmaqdır. Obyektiv tənqidlərdən, təhlillərdən çəkinilməməlidir. Bunun üçün tək hakimlik sektoru deyil, ümumi futbolda islahatlar aparılmalıdır. Hakimlik sahəsi ümumi futbolun əsas qollarından biridir.
Təbii ki, problemlər yetərincədir. Hakim meydanda ədalət qoruyuculuğu ilə yanaşı pedaqoq, psixoloq, məşqçi, futbolçu, vizual olaraq azarkeşlərlə əlaqə qurmağı bacarmalı, ünsiyyəti üst səviyyədə olmalıdır. Bu zirvəyə çatmaq üçün çox ciddi işlər görülməli, hakimlərə olan inam bərpa olunmalı, səmimiyyət yaradılmalıdır.

 

- Sizin fikrinizcə Hakimlər Komitəsinin sədri əcnəbi olmalıdır, yoxsa yerli mütəxəssis?

- Yerli, nüfuzlu, idarəçilik bacarığı olan mütəxəssis olmalıdır. Peşəkar futbolda hakimlik elə bir sahədir ki, FIFA, UEFA tələblərinə uyğun, rəhbər şəxs mütləq peşəkar olmalıdır. Ən önəmli məqamlardan biri ölkə futbolunda olduğu kimi, təəssüf ki, hakimlikdə də daxili çəkişmələr çoxdur. Ən azı, son 4 il dərs olmalı, hakimlər arasında münasibət, qarşılıqlı hörmət, bir-birilərinə layiqli dəstək, qəbul etmək bacarığı, mədəni, peşəkar davranış qaydaları yüksək olmalıdır. Bunlara əməl edildiyi halda, komitəyə rəhbərlik edə biləcək kadrlarımız var. Futbol ictimaiyyətinin, klubların, azarkeşlərin qəbul etdiyi, şəxsiyyətinə hörmət edildiyi beynəlxalq dərəcəli hakimlərdən biri komitəyə gətirilməlidir. 

 

- Azərbaycan hakimlərinin inkişaf etməsi, daha yüksək yerlərdə olması üçün nə etmək lazımdır?

- Qeyd etdiyim kimi, hakimlik futbolun ayrılmaz bir parçasıdır. Kompleks yanaşma olduğu halda bütün sahələr inkişaf edə bilər. İstedadlı, təcrübəli hakimlərimiz var. Əliyar Ağayevlə yanaşı bu mövsüm Rəşad Əhmədov və digər gənclər öz potensiallarını göstərə bildilər. Baxmayaraq ki, yanlış metodika və təyinatlarla onların bir çoxu "yandırılmaq" dərəcəsinə çatdırılmışdı və buna gələcəkdə yol verilməməlidir. İstedadlar qorunmalı, daxili mühit sağlamlaşdırılmalı, ayrıseçkiliyə son qoyulmalı, sağlam rəqabət yaradılmalıdır. Artıq yanlış addım atılıb. Dünən çempionatlara hakimlərin kateqoriyaya uyğun təsdiqi elan edilib, bu gün Stuxliklə vidalaşılır. Belə olduğu halda niyə gözlənilmir, vaxt da var. Sabah yeni gələcək sədr komitə ilə birlikdə ya Stuxlikin təsdiq etdiyi siyahı ilə çalışmalı, ya da məsələlərə yenidən baxılmalıdır. Bu da yersiz daxili qarşıdurmalara gətirib çıxara bilər. Stuxlik göndərilirdisə, hakimlərin siyahısı açıqlanmamalı idi. AFFA strateji olaraq belə yanlışlıqlara yol verməməlidir.

 

Elçin Əlixan

Xəbər xətti