Yeni mövsümdən birinci divizionda çıxış edəcək "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibə verib.
- Birinci diviziona hazırlıqlar necə gedir?
- Bir neçə müddətdir ki, komanda üçün seleksiya işlərimiz davam edirdi. Daha çox birinci divizion və əvəzedici heyətdən futbolçular dəvət etmişik. Müdafiə, yarımmüdafiə və hücum xəttinə futbolçuları toplaya bilmişik. Planlarımız bu ayın sonunda komandanı Naxçıvanda toplamaqdı. Tibbi baxışdan keçirdikdən sonra futbolçularla müqavilə imzalanılacaq. Ümumilikdə, hazırlıq planlarımızın böyük hissəsi Naxçıvanda olacaq.
- Yeni mövsümə yalnız Naxçıvanda hazırlaşacaqsınız?
- İyulun 29-dan avqustun 14-nə qədər Erzurum şəhərində toplanışımız olacaq. Orada 5 yoxlama görüşü keçirəcəyik. Fikrimcə, xeyli ciddi rəqbilərdi. Heç nədən çəkinmirik. Orada da öz bacarığımızı, uşaqların ustalıq səviyyəsini yüksəldə biləcəyik.
- Region Liqada çıxış edən komanda ilə birinci divizionda oynayacaq heyət arasında fərq böyük olacaq?
- Region Liqasında oynayanlardan 6-7 naxçıvanlı futbolçuları saxlamışıq. Onlar da 2000-2001-ci il təvəllüdlülərdi. Birinci divizionun reqlamentini də bilirsiniz. Fikrimizi 2000-2001-ci il təvəllüdlü uşaqların inkişafına yönəltmişik. Onları əsas və ehtiyat heyətdə görəcəksiz. Premyer Liqaya yüksələcəyimiz təqdirdə, həmin gəncləri də görmək istəyirik komandada. Bu mənada, birinci divizion onlar üçün tramplin sayıla bilər.
- Deyəsən, komandada legionerlər də olacaq...
- Fikirlərimiz üst-üstə düşərsə, komandaya iki legioner dəvət edəcəyik. Onlardan biri Ege Atlamdı. Əvvəllər Azərbaycan yığmasında oynayıb. Digər legioner haqda isə məlumata verəcəyik. Düşüncələrimiz Naxçıvan futbolunun inkişafı üçündü.
- "Beşiktaş" yetirməsi olan Ege Atlamın keçidi baş tutacaq?
- Ege Atlamla bağlı məsələ yaxın bir neçə gündə tam dəqiqləşəcək. Şərtlərlə razılaşsa, baxacağıq. Region Liqasında bəzi məsələlərə görə onu heyətimizdə görə bilmədik. Bir müddət məşqlərimizdə iştirak etdi və özü haqda yaxşı fikirlər formalaşdırdı.
- Gözlənilən odur ki, 2023/2024 mövsümündə "Araz Naxçıvan" Premyer Liqada oynayacaq. Bunu bilə-bilə birinci divizionda oynamaq yəqin ki, sizin üçün rahat olacaq?
- Komandada intizamın yüksək səviyyədə olması rəhbərliyin əsas tapşırığıdı. Oyun intizamı, meydanda və meydandan kənardakı davranışları da burax daxil edirəm. Bunların hamısı bizim üçün çox vacibdi. Komandamızın çempionluğu, Premyer Liqada yüksəlməsi də önəmlidi. Amma əsas məsələ Azərbaycan və Naxçıvan futboluna öz töhvəmizi verməkdi..