Azərbaycan millisinin üzvü: "Bu turnirdə istənilən rəqibə qalib gələ bilərik" - MÜSAHİBƏ

15:49 - 28 İyun 2022

Bu gün basketbol üzrə Azərbaycan millisi kiçik ölkələr arasında keçirilən Avropa çempionatında ilk oyununda Malta ilə qarşılaşacaq.  Azərbaycan millisinin aparıcı üzvü Endar Poladxanlı bugünkü görüş və Avropa çempionatındakı məqsəd haqda Sportal.az-a müsahibəsində danışıb.

- Bakıdakı toplanışdan sonra Türkiyədə həmin ölkənin gənclər yığmasına yoxlama görüşündə qalib gəldiniz. Ümumilikdə, geridə qalan hazırlıq prosesini necə dəyərləndirirsən?
- Bakıda toplanışa başlayanda Maltadakı turnirə 16 gün qalmışdı. Bu qısa zamanda əlimizdən gələnin ən yaxşısını edərək, ən yaxşı səviyyədə hazırlaşmağa çalışdıq. Təbii ki, daha çox yoldaşlıq görüşü oynamaq istəyərdik. Amma viza gecikmələrinə görə bu, mümkün olmadı. Buna baxmayaraq, deyə bilərəm ki, biz Maltadakı oyunlara tam hazırıq.

- Bu gün ev sahibi Malta ilə üz-üzə gələcəksiniz. İlk rəqibin ev sahibi olmasının hansı mənfi tərəfi var?
- İlk oyun həmişə çətin keçir. Fərqi yoxdu, rəqib ev sahibidi, ya başqası. Bunun hər hansı mənfi tərəfi olduğuu deməzdim. Sadəcə olaraq, çıxıb öz oyunumuzu göstərməliyik.

- Qrupdakı digər rəqibiniz Andorradı. Ümumiyyətlə, sizin üçün ən təhlükəlisi hansıdı?
- Düşünürəm ki, biz bu turnirdə istənilən rəqibə qalib gələ bilərik. Təbii ki, Malta və Andorra kifayət qədər təcrübəli komandalardı. Biz öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq.

- Bir müddət əvvəl 3x3 basketbolu üzrə millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Həmin uğur klassik basketbolda da millimizə motivasiya verə bilər?
- Təbii ki, 3x3 basketbolunda əldə etdiyimiz uğur ilk növbədə yeni rəhbərliyin düzgün iş apardığının göstəricisidi. Bu, basketbolumuzun inkişafı, canlanması yolunda ilk addım kimi görünür. Amma budəfəki basketbol tam fərqli idman növüdü. Biz çalışacağıq ki, klassik basketbolda da nəticə göstərib ölkə basketbolunun hər bir növündə inkişafı sübut edək.

- Yeni baş məşqçi Aleksandr Trifunoviçlə işbirliyi necə gedir? Serbiyalı mütəxəssisin istədiyini yerinə yetirə bilirsiz?
- Yeni baş məşqçimizlə işbirliyi çox produktiv keçir. Bu qısa müddətdə onun bizdən meydançada istədiyini yerinə yetirərək, sistemimizə uyğun oyun nümayiş etdirməyə çalışırıq. İlk yoldaşlıq oyunundan sonra bizim etdiklərimizdən razı qaldığını söylədi. Oyundan-oyuna inkişafda olacağımızdan əminəm.

- Bu yarışda potensial rəqiblər arasında Ermənistan da var. Onlarla qarşılaşası olsaq, qələbə qazana bilərsiniz?
- Daha öncə söylədiyim kimi bu turnirdə qalib gələ bilməyəcəyimiz rəqib yoxdu. Ancaq ilk növbəfə biz qrup oyunlarını düşünüb, qalib başa vurmalıyıq ki, potensial rəqibdən söhbət edə bilək.

Xəbər xətti