Rəsul Şükürsoy: "Neftçi"nin daha şanslı olduğunu düşünürəm" - - MÜSAHİBƏ

16:56 - 30 İyun 2022

Türkiyə mərkəzli “Pelikan” agentliyinin rəhbəri Rəsul Şükürsoy Sportal.az saytına müsahibə verib:

 

- Hazırki fəaliyyətiniz nə ilə bağlıdı?

- "Pelikan" agentliyi futbolçu adaptasiya mərkəzidir. Skautlarımız milli komandalara namizəd istedadlı futbolçuları tapır, onlarla müəyyən mərhələdə məşğul olduqdan sonra peşəkar klublara göndəririk. Bu, bizim yaya qədər olan əsas fəaliyyət prinsiplərimiz idi. Artıq 3 aydır ki, prinsipləri bir qədər dəyişdirmişik. Moldova əsas liqasından klub almışıq. Bu, Tirasspolun  "Dinamo-Avto" klubudur. Hazırda həmin klubun platformasını hazırlayırıq. Gələcək vəd edən oyunçuları hansısa klublar üzərindən deyil, öz klubumuza rəsmi şəkil toplayıb, onlarla müqavilələr imzalayıb, bir mövsüm yüksək liqada oynadıqdan sonra təqdim etməyi düşünürük. Hazırda çox maraqlı komanda formalaşdırmışıq. Komanda İstanbulda təlim-məşq toplanışını davam etdirir.

 

- Komandada hansı ölkələrdən futbolçular var? 

- Heyətdə gənc moldovalılar var. Bundan başqa heyəti  əsasən afrikalı perspektivli futbolçular təşkil edir. Artıq 3 yoxlama görüşü keçirmişik. Bunlardan birincisi ayın 16-da Albaniyanı Çempionlar Liqasında təmsil edən "Tirana"ya qarşı matç idi. Həmin görüşdə 2:1 hesablı qələbə qazandıq. Növbəti oyunda Rumıniyanın əsas liqasına vəsiqə qazanmış  "Petrolul"a 1:2 hesabı ilə məğlub olduq. Son görüşdə isə Rusiyanın "Orenbuq" klubu ilə 2:2 hesablı heç-heçə etdik. Komandanın potensialına inanırıq. Ümid edirik ki, yaxşı nəticələr olacaq, həm də oyunçularımız bu platforma vasitəsilə daha yaxşı, daha böyük klublarda oynamaq şansı qazanacaqlar.

 

- Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in 3 futbolçusu məhz "Pelikan" agentliyi vasitəsilə Kipr klubuna transfer olunub. Bu, necə baş verdi? 

- Bəli, "Aris"də bizim 3 futbolçumuz oynayır. Kipr klubu ilə sıx əməkdaşlıq edirik. Şavi Babiçka,l və Aleks Muçketu Musunda Qabonun əsas milli komandasının üzvləridir. Digəri isə Florris Cavedir. O, Qabonun U-23 milli komandasında çıxış edir, gənc, perspektivli futbolçudur. Şavi Babiçka ilə son dönəmə qədər "Monako" maraqlanırdı.

 

- Bəs, transfer niyə alınmadı? 

- Bilirsiz ki, "Monako"nun sahibi ruslardır. Ukrayna ilə Rusiya arasındakı müharibədən sonra klubda olan maddi problemlərə görə bu transfer alınmadı. Aleks Musunda ilə ingilis klubları maraqlanır. Həm mərkəz müdafiəçisi,  həm sağ cinah müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Mən Aleksin hazırkı məşqçiyə qədər olan dönəmini bəyənirdim. İndi komandaya belaruslu mütəxəssis Aleksey Şpilevski rəhbərlik edir. Komandanı gücləndirmək məqsədilə bəzi yeni transferlər ediblər.

 

- "Neftçi" ilə matçda onları görəcəyik meydanda? 

- Konfrans Liqasında oynayacaq komandanın hansı potensialda olduğu barədə fikir söyləmək çox çətindir. Konkret bizim oyunçulara gəldikdə onların ikisi Qabonun əsas milli komandasının seçmə mərhələdəki son oyunlarından qayıdıblar, hazır vəziyyətdədirlər. Hesab edirəm ki, "Neftçi" ilə matçlarda baş məşqçi onlara şans versə, təhlükəli olacaqlar. Xüsusilə Şavi Babiçka çox sürətli, effektli oyunçudur. Onun "Neftçi" üçün problem yaradacağını düşünürəm. Eyni zamanda Florris Cavi də texnikalı, sürətli və kreativ futbolçudur. 

 

- Bəs, şanslar necə? Sizcə, "Neftçi" "Aris" i keçə biləcək?

- Cütün favoriti barədə fikir söyləmək mümkün deyil. "Neftçi"də baş məşqçi dəyişikliyi olub. Hazırda heyətlə bağlı hansı proseslərin getdiyini izləmirəm. Əgər heyəti qoruyub-saxlayıblarsa, müəyyən mövqe dəyişiklikləri, rotasiyalar edərək oynayacaqlarsa, mən "Neftçi"nin daha şanslı olduğunu düşünürəm. Çünki, "Aris"də köklü dəyişikliklər var. "Neftçi"yə və beynəlxalq arenada çıxış edən bütün klublarımıza da uğurlar arzu edirəm.

Xəbər xətti