Kizito Luvaqqa: "İki il əvvəl "Neftçi"yə keçməyə hazırlaşırdım, amma sonda alınmadı" - MÜSAHİBƏ

11:12 - 3 İyul 2022

"Səbail"in yeni transferi, Uqanda millisinin forvardı Kizito Luvaqqa Sportal.az saytına müsahibə verib. “Rio Ave”, “Politexnika Yaşi”, BATE, “Şaxtyor”(Karaqanda) klublarında oynamış afrikalı hücumçu Azərbaycana gəlişindən və buradakı məqsədlərindən söhbət açıb.

- "Səbail"ə keçid necə alındı? Başqa təkliflər var idi? 
İsrail klubu ilə müqaviləm başa çatandan sonra mənə fərqli ölkə klublarından təkliflər gəldi. Amma sonda mən və menecerim “Səbail”in təklifi üzərində dayandıq. Bu komandada oynamaq qərarına gəldim.

- Ümumiyyətlə, "Səbail" və Azərbaycan Premyer Liqası haqda məlumatın var idi?
Bəli, bu klub barədə əvvəlcədən də məlumatım var idi. Çünki İsraildən tanıdığım Domantas Şimkus ötən mövsüm bu klubda oynamışdı. Həmyerlim Faruk Miya da burada çıxış edib. Onunla əlaqəmiz var, danışırıq tez-tez. Azərbaycan Premyer Liqası barədə də məlumata sahib idim. “Qarabağ” və “Neftçi” daim avrokuboklarda daim iştirak edirlər. Bu mənada, yəni bu klublar Azərbaycan çempionatı barədə məni məlumatdırmış olurlar.

- "Səbail" hazırda Premyer Liqa klubları arasında transferlərdə ən aktiv olan klubdu. Yeni mövsüm bu komanda hansı nəticəni göstərə biləcək deyə, düşünürsən? Ötən mövsüm o qədər də uğurlu nəticə göstərməmişdilər...
Ötən mövsüm nə baş verdiyilə bağlı danışmayacam. Çünki mən indi gördüklərimdən danışa bilərəm. Komandama inanıram. Təşkilatçılıq əlverişlidi, məşqçilər korpusu da bizə dəstək olur, hər şey əladı. Biz həqiqətən də bir ailə kimiyik. Günü-gündən daha yaxşı oluruq.

- Azərbaycanda “Neftçi” və “Qarabağ” çempionluq uğrunda mübarizə aparır. "Qarabağ"ın hegemonluğu hökm sürür. Onlara qarşı oynamaqda maraqlısınız?
Mənim üçün mövsümün hər oyunu eyni dərəcədə vacibdir. Çünki hər bir matç, rəqibindən asılı olmayaraq eyni xalları verir. Amma təbii ki, hər bir futbolçu kimi nəhəng komandalara qarşı oynamaq istəyərəm. Çünki həmişə atmosfer fərqli olur.

- Azərbaycanda oynayacaq ilk uqandalı deyilsən. Bayaq özünün də adını vurğuladığın Faruk Miya Azərbaycanda, məhz "Səbail"də oynayıb. Bu haqda yəqin ki, məlumatlı idin....
Əlbəttə ki, bu barədə məlumatım var idi. Azərbaycana gəlməmişdən qabaq Farukla danışmışdım. Onunla çox yaxşı münasibətimiz var.

- Maraqlıdı, əvvəlki illərdə Azərbaycandan təklif almışdın?
Bəli, Azərbaycandan bir neçə təklifim olmuşdu. Təxminən iki il əvvəl “Neftçi”yə keçməyə hazırlaşırdım. Ancaq sonda alınmadı, işlər qaydasında getmədi.

- İsrailli Ata Caber və "Makkabi"nin (Hayfa) keçmiş futbolçusu Godsvay Dohnoy da Azərbaycanda çıxış edəcək. Onlar haqqında nə düşünürsən?
Hər ikisini də yaxşı tanıyıram. Həm Ataa, həm də Qodsvay yaxşı futbolçulardı. Ümid edirəm ki, onlar yeni liqada yaxşı işlər görəcəklər.

- Yeri gəlmişkən, Aleksey Baqa ilə tanışsan. Onunla BATE-də işləmisən. "Səbail"ə gələndən sonra onunla danışmısan?
Bəli, Aleksey Baqa ilə çalışmışam. O, çox yaxşı insandı, yaxşı da məşqçidi. Bura gəlməmişdən qabaq onunla danışmamışam. Amma Baqa ilə də yaxşı dost münasibətimiz var.

Mirbağırağa

Xəbər xətti