Ukrayna Premyer Liqasında oynayacaq müdafiəçi: "Milliyə dəvət olunmağım realdı" - MÜSAHİBƏ

18:22 - 3 İyul 2022

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Dmitri Nağıyev dünən Ukrayna Premyer Liqasında yarışan "İnqulets"lə müqavilə imzalayıb. Azərbaycanlı futbolçu Ukrayna klubuna keçidi haqda Sportal.az saytına müsahibəsində danışıb.

- “İnqulets”ə keçidin necə alındı? Bu klubdan təklifin çoxdan var idi?
- Bir neçə həftə mənə zəng edib Ukraynada oynamağı təklif etdilər. Mən də hər şeyi götür-qoy etdim. Sonda da “İnqulets”in təklifilə razılaşdım.

- Əsas heyətdə yerini möhkəmləndirə biləcəksən?
- Məndən asılı olan hər şeyi edəcəm. Vacib olan budur ki, komandaya kömək edək. Əlimdən gələnin ən yaxşısını edəcəm.

- Çoxdan idi ki, Ukrayna Premyer Liqasında oynamırdın. Yəqin ki, yenidən Premyer Liqaya qayıtmağın sənin üçün ikiqat sevincli oldu?
- Əlbəttə ki, sevinclidi. Həqiqətən Ukraynaya qayıtdığıma görə şadam. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam.

- “Sumqayıt”dakı karyeranı necə dəyərləndirirsən? Azərbaycandakı karyeran istədiyin kimi alındı?
- Daha da yaxşı olmasını istəyərdim. Amma ümumilikdə Azərbaycanda yaxşı period oldu. Hər hansı narazılığım yoxdu.

- Ümumiyyətlə, Azərbaycandakı karyeran sənin üçün nə ilə yadda qaldı?
- Azərbaycanda əsas komanda “Qarabağ”dı. Digər klublar arasında isə fərq o qədər də çox deyil. Azərbaycanda çoxlu sayda yaxşı futbolçular oynayır. Orada çox sayda dostlarım qaldı. Ona görə də deyə bilərəm ki, Azərbaycan hər zaman ürəyimdədi.

- Ayxan Abbasovun rəhbərliyi altında komanda üçüncü pilləni tuta bilmişdi. Mövsümün əvvəlində isə uğursuzluqlar başladı. Amma Aleksey Baqanın rəhbərliyi altında da dəyişən bir şey olmadı. Hansı baş məşqçinin rəhbərliyi altında oynamaq daha uğurlu idi?
- Futbolda hər zaman hər şey baş verə bilər. Nəticə olan zaman necə futbol oynamağın önəmli olmur. Hamı səndən razı qalır. Nəticə yoxdursa, hamı səndən narazıdı. Şadam ki, həm Ayxan Abbasovla, həm də Aleksey Baqa ilə çalışdım. “Sumqayıt”a gələcəkdə uğurlar arzu edirəm.

- Səncə, gələcəkdə yenidən Azərbaycan Premyer Liqasında oynamaq şansın yaranacaq, yoxsa artıq Azərbaycan karyerası sənin üçün bağlanmış mövzudu?
- Proqnoz vermək çətindi. İndi yalnız Ukraynadakı klubuna fokuslanmışam. Gələcəkdə necə olacağını zaman göstərəcək.

- “İnqulets”in heyətində Ukrayna Premyer Liqasında daim oynayacağın təqdirdə, Azərbaycan millisinə dəvət olunacağına inanırsan?
- Əlbəttə ki, Azərbaycan millisinə dəvət olunmağım da realdı. Əlimdən nə gəlirsə, onu da edəcəm.

- Hazırda Ukraynadakı vəziyyət necədi? Təhlükə hələ də qalıb?
- Buradakı vəziyyət stabil deyil. Xüsusən də ölkənin şərqində və cənubunda təhlükəli vəziyyətdi. Amma hamımız tez bir zamanda vəziyyətin düzələcəyinə inanırıq.

Mirbağırağa

Xəbər xətti