"Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyev Sportal.az saytına müsahibə verib:
- "Turan Tovuz"a keçidin necə baş tutdu?.
- "Qəbələ"dən ayrılmağıma səbəb az oynamağım idi. "Turan Tovuz" hər zaman böyük komanda olub. Azərbaycan futbolunun inkişafı baxımından bu komandanın Premyer Liqaya yüksəlməyi çox xoşdur. "Turan Tovuz"un möhtəşəm azarkeşləri var.
- Daha əvvəl Ayxan Abbasovun rəhbərliyi altında oynamısan. "Turan Tovuz"a keçməyində baş məşqçi amilinin təsiri nə dərəcədə oldu?
- Bəli, Ayxan müəllimin rəhbərliyi altında oynamışam. Bu amilin də transferimə təsiri çox oldu. "Turan Tovuz"da oynamaq, belə bir köklü klubun üzvü olmaq mənim üçün çox xoşdur.
- Komandanın yeni mövsümə hazırlığı necə gedir?
- Çox şükür, hər şey qaydasındadır. Baş məşqçinin tapşırıqlarını əlimizdən gəldiyi qədər yüksək səylə həyata keçirməyə çalışırıq. Daha çox çalışıb ən yaxşısını etməyə səy göstərəcəyik.
- "Turan Tovuz"un Premyer Liqada hədəfi nə olacaq?
- Hədəf barədə onu deyə bilərəm ki, komandamız yenidir. Amma buna baxmayaraq, biz də komanda olaraq məşqçilərin tapşırıqlarını layiqincə yerinə yetirib, baxımlı futbol göstərmək istəyirik.
- Şəxsi hədəflərin nədən ibarətdir?
- Şəxsi hədəfə gəldikdə, hər bir futbolçunun istəyi daim irəli getməkdir. Hədəfim milli komandanın şərəfini qorumaqdır.
- Uzun illərdən sonra komanda Premyer Liqada oynayacaq. Tovuzlu azarkeşlərə nə demək istəyirsən?
- Tovuzda futbolun necə sevilməyi hər kəsə məlumdur. Bu, futbolun inkişafi üçün vacib amildir. Azarkeşlərin daim oyunçuların yanında olmağı əlavə stimuldur. Tovuzlu azarkeşləri təbrik edirəm və hər zaman komandanın yanında olub, bizə dəstək olmaqlarını istəyirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi